Murad Kajlayev: “İndi Bakıya daha yaxınam, doğma şəhərimə tez-tez gəlib getmək imkanım var”

Onun əsərləri səslənən zaman insan qeyri-ixtiyari olaraq Qafqaz dağlarına seyrə çıxmaq, coşqun çayların suyundan içmək istəyir. Bu notlarda igid oğulların qəhrəmanlıqları, tarixin pıçıltıları var. Bakıda doğulub boya-başa çatan, musiqi təhsili alan, sonralar Sovet İttifaqında və onun hüdudlarından kənarda şöhrət qazanan bəstəkar, dirijor, pedaqoq, SSRİ Xalq artisti Murad Kajlayev bu günlərdə növbəti dəfə gəncliyinin şəhərində oldu. Maestro və məşhur yaponiyalı pianoçu Çisato Kusunoki birgə konsert proqramları ilə çıxış etdilər. Bakı Musiqi Akademiyasında tələbələrlə görüşü zamanı qocaman sənətkarla söhbət edə bildik.

Doğma şəhər və unudulmaz gənclik

- Bakıda doğulmuşam və hazırda olduğumuz bu binada təhsil almışam. Yaşıdlarım məni böyük motosikleti olan gənc kimi xatırlayırlar. O zamanlar şəhərdə bu nəqliyyatdan istifadə edənlər az idi. Qonşular və dostlar mənim motosikletimin səsindən bezmişdilər. Sonra mən Dağıstana köçüb, 30 il orada çalışdım. Bir müddət işlədikdən sonra Moskvaya dəvət olundum. 20 ildən artıq Moskva Televiziya və Radiosunun akademik orkestrinə rəhbərlik etdim. Beş il bundan əvvəl yaxın dostum, tanınmış yazıçı Rəsul Həmzətovun dediyi fikrə sadiq qalaraq öz ana vətənimə qayıtmalı oldum. Həmzətov deyir ki: “Dağlarda doğulan kişi ya ölü, ya da diri bir gün mütləq həmin zirvəyə qayıtmalıdır”. Buna görə Moskvaya əlvida deyib Dağıstana gəldim. Orada istedadlı uşaqlar üçün məktəb açmışam. Bakıya da axırıncı dəfə beş il əvvəl gəlmişdim. Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə konsert proqramı ilə çıxış etdim. İndi Bakıya daha yaxınam. Doğma şəhərimə tez-tez gəlib-getmək imkanım var. Bu dəfə şəhəri tanımadım. Beş ildə çox şey dəyişib. Bir sözlə, gəncliyimin şəhərini tanımadım. Hər dəfə gələndə yaşadığım Vidadi küçəsini gəzib dolanıram. Beşmərtəbə deyilən ərazidə yaşamışam, oradakı köhnə evlərin söküldüyünün şahidi oldum. Mənim yaşadığım həyət isə hələ də yerindədir. Amma qonşular dünyalarını dəyişiblər. Mən Bakını sevirəm, çünki ilk məhəbbətimlə də bu şəhərdə rastlaşdım. 50 ildən artıqdır ki, bu sevgim mənimlə birlikdədir. Həyat yoldaşım Validə xanım bu gün mənimlə birlikdə öz şəhərinə qonaq gəlib.

İstedad axtarışı

Əsərləri bir çox ölkələrdə məşhur olan bəstəkar dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif şəhərlərdə konsert proqramları ilə çıxış edib. Həyatının qalan hissəsini gənc istedadların yetişməsinə həsr edən sənətkar bildirir ki, yaratdığı məktəbdə 280-dən artıq şagird təhsil alır: “Onları qəbul edərkən valideynləri ilə şərtlərim olub: bir müddətdən sonra onların istedadlarını görə bilməsəm, məktəbdən uzaqlaşdırılacaqlar. Qeyd edim ki, bu məktəb Qafqazda ən böyük musiqi məktəblərindən biridir. Bəlkə də vaxt gələcək, o uşaqların əksəriyyəti tamam başqa sənətə sahib olacaqlar. Hazırda gənc musiqiçilərin sayı çox olsa da, əfsus ki, onların arasında əsl istedadlar azdır”.

Yaradıcılıq eşqi

Həmsöhbətimiz “yaradıcılığınız davam edirmi” sualına cavabla bizi təəccübləndirir. Bildirir ki, 84 yaşında da yazıb-yaratmaq, işləmək istəyi tükənməyib: “Yeni əsərlər üzərində işləyirəm. Düzü, genişhəcmli əsərlərə fasilə vermişəm. Fortepiano və orkestr üçün caz konserti üzərində axırıncı notlara imza qoyacağam. Bu əsərimi də yəqin ki, Bakıda qonaq olan Çisato ifa edəcək. Dünyanın bir çox ölkələrində konsertlərim olub. Deyərdim ki, əsərlərimin ən gözəl ifaçısı Çisatodur. Mən onun istedadına valehəm. Onunla Dağıstanda konsert verməzdən əvvəl düşündüm ki, mütləq Bakıda da olmalıyıq. Mənim əsərlərimlə bərabər, Azərbaycan bəstəkarlarının əsərlərini də məharətlə ifa edir. Tanışlığımızın tarixçəsi var. Daha doğrusu, Çisato özü məni arayıb tapıb. Londonda tanınmış pianoçu Lazar Bermanla birgə konserti zamanı onun ifasında mənim əsərlərimi dinləyib və qərar verib ki, mənimlə tanış olsun. Kanadada yaşayan tələbəm vasitəsilə mənimlə görüşdü. Beləcə, bizim yaradıcılıq sahəsində iş birliyimiz başladı. O, dünyanın bir çox yerlərində qastrol səfərlərində olur. Bu səbəbdən də ona Azərbaycan bəstəkarlarının da əsərlərini təqdim etdim ki, qoy bütün dünyada klassik Avropa bəstəkarları ilə yanaşı, Qara Qarayevin, Fikrət Əmirovun və Fərhad Bədəlbəylinin əsərləri də səslənsin”.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar