Noyabrın 26-da məşhur Vyana Ştraus Festival Orkestrinin Bakıda ilk dəfə konserti olub. Heydər Əliyev Mərkəzində keçirilən konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “Valsın kralı” İohan Ştrausun, eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənib.
Orkestrin yaradıcısı və bədii rəhbəri, məşhur dirijor, virtuoz skripkaçı Peter Qut ilk ifadan sonra səmimi ünsiyyəti ilə də tamaşaçıların diqqətini cəlb edib. O, Bakıda olmaqdan və nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində konsert verməkdən şərəf duyduğunu bildirib.
Konsertin maraqlı məqamlarından biri də Peter Qutun orkestrin müşayiəti ilə skripkada ifası olub. İohan Ştraus ənənəsinin davamçısı olan sənətkar skripka ifası və dirijorluğu ilə dinləyiciləri valeh edib.
Orkestrin solisti Monika Mozerin (soprano) operettalardan səsləndirdiyi parçalar isə tamaşaçıları ifa olunan əsərlərin qəhrəmanlarına qısa zaman kəsiyində də olsa yaxınlaşdırıb. Monika Mozerin yüksək ifası ilə yanaşı, artistik məharəti isə tamaşaçıları ayaq üstə alqışlamağa sövq edib.
Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və şəhərin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir. Orkestr müxtəlif festivalların, həmçinin ənənəvi Ştraus festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır. Kollektiv Yaponiya, Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib. Heydər Əliyev Mərkəzindəki konsert də tamaşaçılara unudulmaz anlar bəxş edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar