Noyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun müəllif konserti keçirildi.
Arif Məlikov musiqi mədəniyyətimizin dünyada tanıdılmasında mühüm rolu olan sənətkarlarımızdan biridir. Onun yaratdığı əsərlər ölkəmizin hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanır.
Konsertdən əvvəl fikirlərini bizimlə bölüşən bəstəkar bildirdi ki, səslənəcək əsərlərin sonuncusu bu günlərdə yazılıb və premyerası bu konsertdə keçirilir: “Buna görə də çox şadam. 2014-cü il mənim üçün yaddaqalan oldu. Bilirsiniz ki, oktyabr ayında Moskvada, Rusiya Akademik Böyük Teatrının səhnəsində “Məhəbbət əfsanəsi” baletimin premyerası gerçəkləşdi. Uzun fasilədən sonra yenə bu əsər Rusiyanı ayağa qaldırdı. Bu mənim deyil, Azərbaycan musiqisinin möhtəşəmliyinin bariz nümunəsi idi. Deyim ki, çoxsaylı əsərlərim sırasında “Məhəbbət əfsanəsi” baleti həyatımı bütünlüklə dəyişib. Bu dəfə də tamaşa anşlaqla keçdi. İstərdim ki, Azərbaycan musiqisi ilə fəxr edən hər kəs həmin gecənin şahidi olaydı. Müəllif kimi bu sevincimə şərik olan, bu xəbəri Azərbaycan ictimaiyyətinə çatdıran bütün informasiya vasitələrinə təşəkkür edirəm. Mənimlə birlikdə konsertə gedən tələbələrim də bu hadisəyə sevinirdilər. Hazırda Azərbaycan bəstəkarlıq məktəbində yeni gənc nəsil yetişir və inanıram ki, bu nəsil də öz sözünü deyəcək”.
Bəstəkar müəllif konsertlərinin 10 ildə bir dəfə keçirildiyini bildirdi: “Ayrılıqda əsərlər ifa olunsa da, müəllif konsertləri daha məsuliyyətlidir. Həyatımdan narazılıq etməyə ixtiyarım yoxdur. Bu gün soyuq hava şəraitində konsertə gələnləri görürəm. Hər kəsin hörməti məni yeni işlərə sövq edir. Xalq öz bəstəkarlarının qədrini bilir və bu, çox xoşdur. Konsertdə yeni əsərimin premyerasını Fransada yaşayan həmyerlimiz, tanınmış pianoçu Adilə Əliyeva ifa edəcək. Arzum budur ki, bütün əməllərinizə görə hər zaman alqış eşidəsiniz”.
Müəllif konserti Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın ötən əsrin 60-cı illərində yazdığı “Metamarfozlar” əsəri ilə başlandı. Sonra orkestr “2 saylı simfoniya”nı (6 hissədə) ifa etdi.
Konsertin birinci hissəsi bitdikdən sonra tamaşaçılar 15 dəqiqəlik fasilənin bitməsini səbirsizliklə gözləyirdilər. İkinci hissədə əvvəlcə müəllifin “6 saylı simfoniya”sı səsləndi. Orkestrin və Əməkdar artist Adilə Əliyevanın fortepianoda ifası zalda böyük coşqunluq yaratdı. Fransada yaşayan həmyerlimiz Arif Məlikovun son dövrlərdə yazdığı “Fortepiano və orkestr üçün konsert”ini də böyük ustalıqla ifa etdi, əsərin emosiya və gözəlliyini tamaşaçılara dolğun şəkildə çatdırmağa nail oldu.
Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Sonda bəstəkar ifaçılara və tamaşaçılara dərin təşəkkürünü bildirdi.
Lalə Azəri