Professor İmruz Əfəndiyeva Azərbaycan musiqişünaslıq elminin inkişafına və təbliğinə töhfələr verib
Dekabrın 10-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyevaya həsr olunmuş “Musiqidə keçən ömür” və alimin “Axtarış yollarının bəhrəsi” kitablarının təqdimatı keçirildi.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə mərasimdə çıxış edərək İmruz Əfəndiyevanın elmi yaradıcılığından və musiqi sahəsində xidmətlərindən söz açdı. Bildirildi ki, o, Azərbaycan musiqişünaslıq elminin inkişafına və təbliğinə töhfələr verən şəxsiyyətlərdəndir. Atası, görkəmli teatrşünas alim və dramaturq Məmməd Sadıq Əfəndiyevin yolunu davam etdirən İmruz Əfəndiyeva 50 ildən çoxdur ki, elmi tədqiqatlar aparır. 1982-ci ildə “Azərbaycan sovet mahnısı” mövzusunda sənətşünaslıq namizədi dissertasiyası müdafiə edən alim Azərbaycan musiqisini elmi, tarixi və nəzəri aspektdən araşdırıb. Alim bu gün incəsənət sahəsində öz sözünü demiş bir çox tanınmış musiqişünasların və yetişməkdə olan gənc musiqi mütəxəssislərinin müəllimi, onların düzgün seçimində yön göstərən olub.
Tədbirdə Bakı Musiqi Akademiyasının (BMA) musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor Səadət Seyidova, BMA-nın musiqi tarixi kafedrasının müdiri, professor Ülviyyə İmanova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, BMA-nın professoru, bəstəkar Mehriban Əhmədova və Milli Kitabxananın nəşriyyat işləri şöbəsinin müdiri Mehriban Cəfərovanın musiqişünas alimin elmi-pedaqoji fəaliyyətindən, Azərbaycan musiqisinin təbliğindəki rolundan bəhs edən məruzələri dinlənildi.
Qeyd olundu ki, musiqişünas alim AMEA-nın və Bəstəkarlar İttifaqının xətti ilə çap edilən məcmuələrdə müasir musiqinin problemlərini araşdırır, bəstəkarlar haqqında oçerklər, ifaçıların portreti və onların yaradıcılığı haqqında səmimi fikirlərini bölüşür. 1968-ci ildən Bəstəkarlar İttifaqının üzvü olan alim müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan musiqişünaslıq məktəbini təmsil edərək maraqlı məruzələrlə çıxış edib. 2005-ci ildə “Vasif Adıgözəlovun yaradıcılığı milli ənənələr kontekstində” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
Bildirildi ki, Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın dəstəyi ilə işıq üzü görən kitablar İmruz Əfəndiyevanın 75 illiyinə həsr edilib. Tərtibçisi Sevgiyə Əsədova olan “Musiqidə keçən ömür” kitabında musiqişünas alimin həyat və fəaliyyətinin əsas məqamları, tanınmış şəxsiyyətlərin onun haqqında fikirləri və yaradıcılığına dair məqalələr əksini tapıb. Nəşrdə həmçinin tədqiqatçının əsərləri və haqqında çap olunmuş materialların biblioqrafik göstəricisi də yer alıb. “Axtarış yollarının bəhrəsi” kitabında isə İmruz Əfəndiyevanın müxtəlif illərdə dərc olunan məqalələri toplanıb.
Tədbirin bədii hissəsində Xalq artisti, professor Zəhra Quliyevanın rəhbəri olduğu “Detaşe” violinçalanlar ansamblının ifasında Qara Qarayev və Tofiq Quliyevin, BMA-nın professoru Ülviyyə Hacıbəyovanın ifasında isə Niyazi və Soltan Hacıbəyovun əsərləri səsləndirildi.
Lalə Azəri