Mahnı Teatrının estrada-simfonik orkestrinin təqdimatı

Dekabrın 16-da Heydər Əliyev sarayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin təqdimat konserti keçirildi.

Konsertdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.
Konsertdə orkestrin və solistlərin ifasında ən gözəl melodiyalar, dillər əzbəri olan və sevilən mahnılar səsləndirildi. Filmlərdən musiqilər, ötən illərdə insanların yaddaşına həkk olunmuş məşhur mahnılar tamaşaçılara nostalji hislər yaşatdı, hər kəsi bir anlıq ötən dövrlərin Bakısına qaytardı.
Gecədə tanınmış aparıcı Rahib Azərinin Azərbaycan musiqisi tarixindən bəhs edən videoçarxı da nümayiş olundu. Videoçarxda xalqımızın böyük musiqi mədəniyyətinin olduğu, muğamlarımız, aşıq və xalq mahnılarının zəngin tarixi olduğu vurğulanır. Eyni zamanda ölkəmizdə Qərb musiqisinin, xüsusilə də estrada, simfonik musiqilər və caz musiqisinin böyük inkişaf yolu keçdiyi bildirilir.
Qeyd edək ki, orkestr Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 1 aprel 2014-cü ildə yaradılıb.
Kollektiv Azərbaycan estradasının zəngin musiqi irsinin və yaradıcılıq ənənələrinin qorunması, estrada musiqisinin təbliği, bu sənətin davamlı inkişafına kömək göstərilməsi məqsədilə təşkil olunub.
Orkestrin bədii rəhbəri, tanınmış pianoçu-bəstəkar, Əməkdar artist Salman Qəmbərov, dirijor Azər Allahverdiyevdir.

Fariz