Ələkbər Ziyatayın şeirləri kövrək nəğmələrə dönərək yaddaşlara yazılıb

XX əsr Azərbaycan poeziyasında şair, tərcüməçi, pedaqoq və ictimai xadim Ələkbər Ziyatayın xüsusi yeri var. Onun qələmə aldığı bir-birindən maraqlı poetik nümunələr öz axıcılığı ilə seçilir. Buna görə də bir çox şeirləri bəstəkarlar tərəfindən könülləri oxşayan nəğmələrə çevrilib. Şairin dünya ədəbiyyatından etdiyi tərcümələr bu gün də yüksək qiymətləndirilir.

Ələkbər Həsən oğlu Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə qəbul olunur. Ali təhsilini başa vurduqdan sonra institutun elmi şurasının qərarı ilə Azərbaycan dili kafedrasında baş müəllim kimi saxlanılır.
Qabiliyyət və məsuliyyəti sayəsində “Ədəbiyyat və incəsənət” qəzetində poeziya şöbəsinin müdiri, Azərbaycan Yazıçılar İttifaqı Gəncə bölməsinin məsul katibi, “Azərnəşr”də redaktor vəzifələrində çalışıb. Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib.
1935-ci ildən ədəbi fəaliyyətə başlayan müəllifin şeirləri müxtəlif qəzet və jurnallarda dərc olunur, bir nəğməkar şair kimi tanınır. “Qəlbim gəl deyir”, “Nə deyim”, “Səninləyəm”, “Azərbaycanım mənim”, “Bakı gecələri”, “Sənsən”, “Dilim-dilim ol dilim”, “Olmalıydın, olmadın” kimi əsərlərilə oxucuların rəğbətini qazanır. Qəlboxşayan qəzəlləri isə xanəndələr tərəfindən sevilə-sevilə ifa olunur.
Görkəmli müğənni, Xalq artisti Zeynəb Xanlarova şair haqqında fikirlərini bölüşərkən deyib: “Ələkbər Ziyatay mənim çox sevdiyim şairlərdəndir. Onunla ilk dəfə bəstəkar Ələkbər Tağıyevin evində tanış olmuşam. Bəstəkar onun “Azərbaycanım mənim” adlı şeirinə musiqi yazmışdı. Mahnını birinci dəfə mən ifa etdim. Şairlə dostluğumuz da o vaxtdan başlayıb. O, ilk şeirlərini mənə də oxuyardı... O zaman onun “Olmalıydın, olmadın” şeirinə mahnı yazdım və ifa etdim. O mahnı çox populyarlıq qazandı. “Sənsən” şeirinə bəstələnən mahnı da mənim ifamda nəinki Azərbaycanda, hətta respublika hüdudlarından çox-çox uzaqlarda - İsraildə, Avstraliyada, Amerikada, Avropada da sevildi. O mahnı əlli ildən çoxdur yaşayır və ölməzlik qazanıb...”

Sən mənim ulduzlu dünyam olmalıydın, olmadın,
Sən mənim bir dünya sevdam olmalıydın, olmadın.
Mən sənin eşqinlə Məcnuntək gəzirkən çölləri,
Sən mənim istəkli Leylam olmalıydın, olmadın.
Sən mənim bir an gözümdən getməyən şux sevgilim,
Sən mənim hərgünkü röyam olmalıydın, olmadın.


Ələkbər Ziyatay hansı mövzuya müraciət edibsə, poetik vüsəti və söz duyumu ilə gözəl nümunələr yaratmağa nail olub. Şair müharibə mövzusunda qələmə aldığı əsərlərində bəşəriyyətin məhvinə səbəb olan qan-qadaya, qırğınlara qarşı öz etiraz səsini ucaldıb. Bu baxımdan şairin “Qana qan deyə”, “Nifrət”, “Qalxan et dərdə qəzəb bayrağını” şeirləri maraqlı nümunələrdir. Müəllifin şeirləri günümüzlə çox səsləşir. Azərbaycan gənclərini mənən səfərbər edir və torpaqlarımızı məkrli düşməndən geri almağa səsləyir:

Bu mehriban Vətən, bu doğma dağlar,
Pərilər yığnağı qaynar bulaqlar.
Ceyranlı meşələr, bülbüllü bağlar
Baxar göy üzünü saran sislərə,
O insan donunda qurd faşistlərə.
Çəkil, bu torpaqlardan ey, duman deyə,
Səsləyir elləri “qana qan” deyə.

Ələkbər Ziyatay həm də tərcüməçi kimi tanınıb. Azərbaycan oxucusu onun poetik tərcümələri vasitəsilə dünya ədəbiyyatının klassik nümunələri ilə tanış olmaq imkanı əldə edib. O, müxtəlif illərdə Homerin “Odisseya”, Əlişir Nəvainin “Yeddi səyyarə”, “Fərhad və Şirin” əsərlərini, Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur”, Bertold Brextin “Üç quruşluq opera”, A.Qriboyedovun “Ağıldan bəla” komediyalarını və “Min bir gecə”dəki qəzəllərin bir çoxunu dilimizə tərcümə edib.
Kövrək qəlbli şair uşaq dünyasının vurğunu olub. Onlarla ünsiyyətdən zövq alan müəllif uşaqların qəlbinə yatan, onların zövqünü formalaşdıran bədii nümunələr qələmə alıb. Şairin “Kəpənək”, “Nərminin oyuncaqları”, “Salam, yeni dərs ili”, “Sənin tutacağın yol”, “Qoşulsun nəğməmizə” və s. şeirləri bu qəbildəndir.
Ələkbər Ziyatay 1982-ci il iyulun 2-də vəfat edib, Gəncə şəhərində dəfn olunub.

Savalan Fərəcov