Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə elan etdiyi “Dini motivlər əsasında şeirlər” müsabiqəsinə əsər qəbulunun vaxtı uzadılıb.
Yaradıcılıq Fondundan verilən məlumata görə, iyulun 6-sı müsabiqəyə şeirlərin qəbulu üçün son gün idi. Təşkilat komitəsinin qərarına əsasən isə müsabiqəyə əsər qəbulu iyulun 20-dək uzadılıb.
Qeyd edək ki, müsabiqə səmavi kitabların gənclər arasında düzgün təbliğinə, müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir. Müsabiqənin şərtlərinə görə, təqdim edilən şeirlərin ideyası səmavi kitabların motivləri əsasında yazılmalıdır.
Şeirlər elektron formada müəllif haqqında qısa tərcümeyi-hal və əlaqə telefonları ilə birlikdə Azərbaycan Yaradıcılıq Fondunun elektron ünvanına (ayfondu@gmail.com) göndərilməlidir. Müsabiqədə yaş məhdudiyyəti yoxdur. Birinci yer üçün 500, ikinci yer üçün 300, üçüncü yer üçün 200 manat mükafat veriləcək. Müsabiqəyə təqdim edilən bütün şeirlər antologiya kimi dərc edilərək kitabxanalara paylanacaq.