Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı çərçivəsində daha bir möhtəşəm konsert

Xəbər verdiyimiz kimi, “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı keçirilir.

Dekabrın 16-da Londonun məşhur Vestminster sarayının mərkəzi zalında təqdim olunan növbəti, sayca beşinci konsert görkəmli pianoçu, bəstəkar, caz-muğam janrının banisi Vaqif Mustafazadəyə həsr edilib. Gecədə diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri, caz musiqisi həvəskarları iştirak edib.
“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev konsertdən öncə çıxış edərək Vaqif Mustafazadənin sənət yolu haqqında məlumat verib. Bildirib ki, Vaqif Mustafazadənin şöhrəti vəfatından sonra da dünyaya səs salmaqda davam edib. 60-70-ci illərdə "Orero" ansamblı, "Qafqaz" caz üçlüyü, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edən sənətkar beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub. Vaqif Mustafazadənin nadir muğam-caz sintezi Azərbaycan və dünya musiqisinə yeni bir janr gətirib.
Vaqif Mustafazadə sənəti bu gün Şərq və Qərb musiqisinin sintezini caz janrında ecazkar təcəssüm etdirən qızı Əzizə Mustafazadə tərəfindən uğurla davam etdirilir.
“Buta” festivalının növbəti tədbirləri haqqında məlumat verən Nəsib Piriyev iştirakçılara xoş gecə keçirməyi arzu edib.
Sonra gecədə cazın “Azərbaycanlı şahzadəsi” kimi tanınan Əzizə Mustafazadə özünün bəstələdiyi musiqilərlə yanaşı, klassiklərin əsərlərini də ifa edib. Caz ustasını məşhur musiqiçilər Ralf Cetto və Simon Zimbardo müşayiət ediblər. Onun ifasındakı muğam-caz sintezi tamaşaçıların böyük rəğbətini qazanıb.
Daha sonra görkəmli saksafon ifaçısı İqor Butman, gürcü müğənnisi və bəstəkarı Nino Katamadze Tamaz Kuraşvilinin (bas), David Abuladzenin (nağara) və Zura Ramişvilinin (pianino) müşayiəti ilə gecəyə rəng qatıblar.
Qeyd edək ki, II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı 2015-ci ilin martınadək davam edəcək və Londonun mərkəzində Novruz şənlikləri ilə başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar