Finlandiyanın Espoo şəhərində yaşayan 11 yaşlı soydaşımız, skripkaçı Emil Dəniz Hartikainen Namazov tanınmış pop və rok ulduzları ilə birgə konsert proqramında çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, kiçik yaşlı soydaşımızın qatıldığı “Kids Rock” konsert proqramı Finlandiyanın “Nelonen” televiziya kanalı ilə yayımlanıb.
Altı yaşından skripkada ifa edən Emil yaşadığı şəhərdə musiqi təhsili alır və tanınmış musiqiçi Grazyni Zeranska-Gebertin şagirdidir. Azyaşlı olmasına baxmayaraq, artıq bir neçə musiqi yarışmasının qalibidir. 2011-ci ildə Helsinkidə keçirilmiş musiqi müsabiqəsində 1-ci yerə, 2013-cü ildə Estoniya paytaxtında təşkil olunmuş “Gənc musiqiçilər” beynəlxalq müsabiqəsində 2-ci yerə layiq görülüb. Bu il isə Litvada beynəlxalq musiqi festivalında iştirak edib. Yeniyetmə skripkaçı vaxtaşırı Finlandiyada təşkil edilən konsertlərə dəvət olunur.