İstanbulda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Cem Karaca” Mədəniyyət Mərkəzində möhtəşəm konsert proqramı təşkil edib.
Konsertdən öncə çıxış edən Azərbaycan Mədəniyyət Evinin sədri Hikmət Elp bayramın tarixi əhəmiyyətindən danışıb. O, tamaşaçılar arasında Bakı, Gəncə, Naxçıvan, Təbriz, Urmiya, Qars və digər şəhərlərdən qonaqların olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu bayram təkcə Azərbaycanlıların Həmrəylik Günü deyil, həm də ölkələr və xalqlar arasında dostluğa xidmət edir.
Sonra konsert proqramı təqdim olunub. Konsertdə Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında Azərbaycan muğamları və xalq mahnıları səslənib. Onları nağaraçı Günay Aksu, xalq artistləri - tarzən Möhlət Müslümov və kamança ustası Fəxrəddin Dadaşov müşayiət ediblər.
Əlamətdar gün münasibətilə tamaşaçıları təbrik edən xanəndələrimiz bildiriblər ki, Azərbaycan musiqisi birlik və həmrəylik duyğularını daha da gücləndirir, xalqımızın qədim mədəniyyətini bütün dünyaya yayır. Tamaşaçılar Mələkxanım Əyyubova və Nuriyyə Hüseynovanın birlikdə ifa etdikləri “Qarabağ şikəstəsi”ni ayaq üstdə, hərarətli alqışlarla qarşılayıblar.