Artıq tarixə qovuşmuş 2014-cü ilin musiqi sənətimizdə əlamətdar hadisələrindən biri görkəmli xanəndə Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin ölkə Prezidentinin müvafiq sərəncamı ilə geniş şəkildə qeyd edilməsi oldu. Milli musiqi mədəniyyətimizin inkişafında misilsiz töhfələri olan, klassik Şərq və Azərbaycan muğamlarına yeni-yeni guşələr, xallar, nəfəslər əlavə edib zənginləşdirən Keçəçioğlu Məhəmməd Qarabağ muğam məktəbinin bənzərsiz ustadlarındandır.
Azərbaycan muğam sənətinin tarixində yeni bir mərhələnin açılması onun adı ilə bağlıdır. O, təkcə klassik muğamlar, təsniflər və xalq mahnıları ifaçısı kimi məşhur olmamış, həm də geniş diapazonlu güclü və zil səsi sayəsində xüsusən ritmik muğamların təbliğatçısı kimi tanınmışdır.
1864-cü ildə Şuşada anadan olan Məhəmməd Məşədi Xəlil oğlu Xarrat Quludan, Məşədi İsidən xalq musiqisinin sirlərini öyrənir. Gənc ikən Şuşanın “Çanaqqala”, “Şəmilin bağı” və “Şəkili bulaq” kimi mənzərəli-səfalı yerlərində qurulan məclislərdə çıxış edir, müəllimlərinin yolu ilə gedir. Şəhərin musiqi məclislərində və el şənliklərində, eyni zamanda ictimai həyatda fəallıq göstərir. Qeyd edək ki, Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında Şuşada təşkil edilmişdir. Həmin konsertdə dövrün məşhur ifaçılarından Qasım Abdullayev, Cabbar Qaryağdıoğlu, Məşədi Dadaş, məşhur tarzən Sadıqcan, Məşədi Zeynal, aşıqlardan Abbasqulu, Nəcəfqulu ilə yanaşı, Keçəçioğlu Məhəmməd də iştirak etmişdir.
Şuşadakı ilk Şərq konsertlərindən sonra Azərbaycanın digər şəhərlərində, xüsusən Bakıda Şərq konsertləri verilirdi. Bu konsertlər yenə də məşhur ədib Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında keçirilirdi. Həmin konsertlərdə muğamat, xalq mahnıları və rəqsləri, aşıq havaları və musiqili səhnəciklər göstərilirdi.
Firudin Şuşinski özünün “Cabbar Qaryağdıoğlu” monoqrafiyasında yazır: “1902-ci ilin yanvarında Bakının musiqi həyatında əlamətdar bir hadisə baş verdi. “Kaspi” qəzeti bu hadisə haqqında belə məlumat vermişdir: “Yanvarın 11-də cümə günü Hacı Zeynalabdin Tağıyevin teatrında məşhur Qarabağ aşığı Nəcəfqulunun və xanəndələrdən Qaryağdıoğlu Cabbarın, bakılı Seyidin, şəkili Ələsgərin və Keçəçi Məhəmmədin iştirakı ilə Bakıda birinci Şərq konserti olacaqdır”. Dörd şöbədən ibarət olan həmin konsertin proqramı rəngarəng və maraqlı idi... Konsertin üçüncü şöbəsində böyük Azərbaycan şairi Füzulinin “Leyli və Məcnun” poemasından bir parça duet şəklində “tamaşa” göstərilmişdir. Cabbar Qaryağdıoğlu və Keçəçioğlu Məhəmmədin deyişmələri səmimiyyətlə qarşılanmışdır”.
O, 1902-ci ildə Bakıya gələrək ilk dəfə çıxış etdiyi konsertdə “Şüştər” muğamını da böyük ustalıqla oxuyur. Bundan sonra tez-tez mesenat Hacı Zeynalabdin Tağıyevin teatrında təşkil olunan “Şərq konsertləri”ndə iştirak edir, 1904-cü ildə həmişəlik Bakıya köçür. Şəhərin tanınmış tarzənlərindən Məşədi Zeynal, Mərdi Canıbəyov və Qurban Pirimovla əməkdaşlıq edir.
Keçəçioğlu Məhəmməd ritmik muğamların ustadı idi. O, klassik muğamlardan “Nəva”, “Mahur”, “Mani”, xüsusilə “Bayatı-Qacar”ı orijinal şəkildə özünəməxsus fərdi xüsusiyyətlərlə ifa edirdi. Azərbaycan musiqisi tarixində Keçəçioğlu Məhəmməd kimi ustalıqla oxuyan və onun səsi kimi yüksək diapazona malik olan xanəndələr az olmuşdur. Onun yüksək diapazonlu səsi milli alətlərin, xüsusən də kamançanın hər notunun səsinə çatardı. Keçəçioğlu öz sənətinə tələbkarlıqla yanaşar, öz üzərində yorulmaq bilmədən çalışardı. Dinləyiciləri ələ almağı bacarar, öz sənəti ilə onları valeh edərdi.
XX əsrin əvvəllərində “Qrammofon”, “Sport-Rekord” və “Ekstrafon” firmaları Azərbaycan xanəndələrinin səslərini vallara yazıb yayırdı. 1912-ci ildə Qafqazda məşhur xanəndə kimi tanınan Keçəçioğlu Məhəmməd də “Sport-Rekord” firmasının dəvətilə Varşavaya gedir. O, yolüstü bir neçə gün Moskvada qalır. Burada “Metropol” mehmanxanasının zalında Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev və Davud Səfiyarovun iştirakı ilə “Şərq konsertləri” verir. Keçəçioğlu Məhəmməd “Heyratı”, “Rahab”, “Kürdi-Şahnaz”, “Qarabağ şikəstəsi”, “Dəşti”, “Çoban bayatısı” muğamları ilə birlikdə, “Getdi, gəlmədi”, “Gülə-gülə”, “Xuraman”, “Axşam oldu” təsnif və mahnılarını vala yazdırır. Varşavadan sonra 1914-cü ildə “Ekstrafon” firması onu Kiyevə dəvət edir. O, burada da bir çox xalq mahnılarını qrammofon valına yazdırır. 1926-cı ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilmiş və burada Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski ilə birlikdə gənc xanəndələrin yetişməsində əlindən gələni etmişdir.
Keçəçioğlu Məhəmməd məşhur xanəndə kimi bütün Yaxın Şərqdə tanınıb. O, Azərbaycan musiqisinin bütün incəliklərini və təravətini geniş kütlələrə yaymaqda və bu musiqinin qardaş xalqlar tərəfindən dərindən sevilməsində böyük işlər görmüşdür. Minillik tarixə malik olan muğamlarımız yaşadıqca, bu böyük sənətkarın xatirəsi də sənət tariximizdə əbədi yaşayacaqdır.
Jalə Qulamova,
sənətşünaslıq namizədi, dosent