Yanvarın 17-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirildi.
Mərasimi giriş sözü ilə açan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciə haqqında danışdı. Bildirdi ki, Qanlı Yanvar xalqımızın taleyinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub: “Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Qara Yanvar xalqımızın milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Xalqımız Vətənin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini əziz tutur, onların igidliyini heç vaxt unutmayacaq”.
Sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərindən ibarət “İstedad mərkəzi”nin təqdimatında yerli və xarici bəstəkarların əsərləri səsləndirildi. Şagirdlərin ifasında Ü.Hacıbəylinin “Sənsiz”, F.Əmirovun “Kor ərəbin mahnısı”, İ.S.Baxın “Menuet və Skerso”, “Qrave” və başqa əsərlər səsləndirildi, həmçinin “Bayatı-Şiraz” və “Şur” muğamları ifa olundu.

Fariz