Yanvarın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda təşkilatın 80 illiyinə həsr olunmuş sənədli filmin təqdimatı keçirildi.
Tədbiri ittifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Telefilm” yaradıcılıq birliyində çəkilən film haqqında qısa məlumat verdi.
“Bəstəkarlar İttifaqı” sənədli filminin rejissoru Tahirə Hüseynova, operatoru Adil Abbasov, redaktoru Yaqub Əlioğlu ekran əsərinin ərsəyə gəlməsindən söz açdılar. Qeyd olundu ki, 30 dəqiqəlik filmdə Azərbaycan musiqisinin inkişaf mərhələləri barədə ətraflı söhbət açmaq, musiqimizin zənginliyini göstərmək mümkün deyil. Ona görə də filmin silsilə şəklində ekranlaşdırılması qərara alınıb.
Sonra film nümayiş olundu. Ekran əsəri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlanır. Musiqinin müşayiəti ilə Azərbaycan bəstəkarlarının portretləri bir-birini əvəz edir. 30 iyun 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının əvvəlcə SSRİ Bəstəkarlar İttifaqının bir şöbəsi kimi fəaliyyətə başlamasından, sonra müstəqil təşkilata çevrilməsindən bəhs olunur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Bəstəkarlar İttifaqının fəaliyyətini yenidən qurması, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında böyük rolu, onun müəyyən etdiyi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulanır.
Sonda filmin ssenari müəllifi, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov yaradıcı heyətə öz dərin təşəkkürünü bildirdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar