Türkiyənin Adana Böyük Şəhər Bələdiyyəsinin konsert salonunda görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor Firəngiz Əlizadənin müəllif konserti olub. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, konsert Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilib.
Azərbaycanın tanınmış dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun idarə etdiyi Çukurova simfonik orkestrinin iştirakı ilə “Türk-Azəri dostluq konserti”ndə Firəngiz Əlizadənin “Metomorfoz” əsəri, həmçinin “İntizar” operasından parçalar səsləndirilib. Operadan ariyaları Gülnaz İsmayılova, Səbinə Əsədova və Tolqa Erden ifa ediblər.