Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən beşinci muğam televiziya müsabiqəsi başlayıb.

Tədbirdə müsabiqə haqqında məlumat verilib. Bildirilib ki, müsabiqəyə qatılmış ifaçıların çıxışları həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında birbaşa yayımlanacaq. Ənənəvi olaraq builki müsabiqədə də iştirak etmək üçün 20 ifaçı seçilib. Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə ümumilikdə 500-ə yaxın gənc qatılıb.
Gənc ifaçıların çıxışlarını qiymətləndirən münsiflər heyətinin tərkibinə muğam sənətinin mahir biliciləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxildir.
Ustad sənətkar Əlibaba Məmmədov bildirib ki, müsabiqəyə təkcə respublikamızda deyil, dünyada yaşayan azərbaycanlılar da böyük maraq göstərirlər. Artıq beşinci dəfədir keçirilən müsabiqə iştirakçılarının səsi dünyanın hər bir yerindən gəlir.
O, müsabiqənin təşəbbüskarı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və digər təşkilatçılara minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.
Sonra iştirakçılar ifalarını təqdim ediblər. Müsabiqənin ilk günü münsiflər heyəti Novruz Hüseynov, Səriyyə Pirimova, Miryusif Mirizadə, Ülviyyə Məmmədzadə, Şahmar Hacıyev, Nisbət Sərdayeva, Türkay Məlikova, Misir Məmmədov, Sədəf Budaqova və Maşallah Mirzəliyevin ifasında xalq mahnılarını dinləyib qiymətləndiriblər. Digər 10 iştirakçı cümə günü çıxış edəcək. Həmin gün münsiflər heyəti tərəfindən verilən ballar toplanacaq və ən az səs yığmış iştirakçı müsabiqəni tərk edəcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən muğam televiziya müsabiqəsi layihəsini həyata keçirir. 2007-ci ildən bu layihə Azərbaycan Televiziyası ilə yayımlanır. 2011-ci ildən isə müsabiqə “Mədəniyyət” kanalında da nümayiş etdirilir. Ötən illərdə keçirilmiş muğam televiziya müsabiqələrində 101 gənc iştirak edib və qaliblər Heydər Əliyev Fondu tərəfindən müxtəlif mükafatlara layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar