Professor Firəngiz Əlizadənin müəllif konserti

Fevralın 27-də Azərbaycan Dövlət Filarmoniyasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin müəllif konserti keçirildi.


Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Əvvəlcə Firəngiz Əlizadənin yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən musiqişünas Jalə Qulamova bəstəkarın yaradıcılığı barədə söz açdı. Qeyd etdi ki, Firəngiz Əlizadə ölkəmizi dünyada tanıdan görkəmli bəstəkarlardandır. O, UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülmüş yeganə azərbaycanlıdır. Bəstəkarın əsərinin yer aldığı musiqi albomu bu yaxınlarda “Grammy” mükafatına layiq görülüb.
Sonra söz musiqiyə verildi. Bəstəkarın “Şüştər” muğamı üstündə simli orkestr üçün yazdığı “Metamorfozlar” əsəri və “İntizar” operasından parçalar səsləndirildi. Əsərləri Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətində solistlər - əməkdar artistlər Səbinə Əsədova, Əkrəm Poladov və Gülnaz İsmayılova ifa etdilər.

Fariz Hüseynov