Beynəlxalq festivalın konsert proqramları

Avropa, Asiya, Afrika və Amerikanın 20-dək ölkəsindən iştirakçıların qatıldığı “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının konsert proqramları bu qədim musiqi sənətinin ecazını, rəngarəngliyini bir daha nümayiş etdirir. Paytaxtın musiqi salonlarında təqdim olunan konsertlər tamaşaçılara zəngin təəssürat və yüksək sənət zövqü bəxş edir.

Martın 16-da festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İran musiqiçilərinin iştirakı ilə konsert oldu. Əvvəlcə Xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər Cabir Abdullayev və Səbuhi İbayevin ifasında “Bayatı-Şiraz” muğam dəsgahı səsləndi. Xanəndələri Əliağa Sədiyev (tar), Ceyhun Muradov (kamança), Şirzad Fətəliyev (balaban), Çinarə Heydərova (qanun), Kamran Kərimov (nağara) və Qalib Həşimov (ud) müşayiət edirdi.
Sonra səhnəyə çıxan iranlı ifaçı Əlirza Gorbaninin çıxışı gecəyə rəng qatdı. Bir çox festivallarda iştirak etmiş müğənninin ifası böyük maraqla qarşılandı.
* * *
Həmin gün Bəstəkarlar İttifaqının zalında “Muğam və müasirlik” mövzusunda kamera musiqisi konserti oldu. Konsertdə tar, klarnet, piano, violin, kanon, zərb alətlərinin müşayiəti ilə musiqi parçaları ifa olundu “Simli kvartet”, “Humayun” muğamı, “Sükutdan yaranan təzadlar, “Abşeron ölçüləri” və s. əsərlər səsləndirildi.
* * *
Martın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Livan musiqiçilərinin iştirakı ilə konsert oldu. Konsertdə Xalq artisti Arif Babayev və onun yetirmələri - Əməkdar artist Ehtiram Hüseynov, gənc xanəndə Bəyimxanım Vəliyeva “Zabul Segah” dəsgahını məharətlə ifa etdilər. Bu ifalar bir ustadın, müəllimin yetirmələrinə çəkdiyi zəhmətin layiqli bəhrəsi idi.
Sonra səhnəyə çıxan Livan müğənnisi Gada Çbeir mərhəmət, sevgi bəxş eləyən çıxışı ilə bütün zalı riqqətə gətirdi.
* * *
Martın 14-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında orqan musiqisi konserti keçirildi. Tamaşaçılar arasında IV Beynəlxalq muğam festivalının iştirakçıları da var idi.
Konsert Rasimə Babayevanın ifasında (orqan) Nazim Əliverdibəyovun “Bayatı-Şiraz”ı ilə başlandı. Beynəlxalq müsabiqə laureatları Səbinə Bədəlbəyova (orqan) və Murad Kərimli (skripka) Asəf Zeynallının “Muğamsayağı” əsərini ifa etdilər.
Proqramda Azərbaycan bəstəkarlarının digər əsərləri də səsləndirildi.
* * *
Martın 13-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Tacikistan musiqiçilərinin konsert proqramı təqdim olundu. Azərbaycanın Xalq artisti Zabit Nəbizadə, Əməkdar artist Elnarə Abdullayeva və Mirələm Mirələmovun ifasında “Şur” muğamı səsləndirildi. Onları tarda Ələsgər Məmmədov, kamançada Xəyyam Məmmədov, qanunda Gülşən Ağayeva, nağarada Ramin Abdullayev müşayiət edirdilər.
Tacikistan “Makam” Akademiyasının musiqiçiləri - Abdulvali Abdulraşidov, Ozoda Aşurova, Nəsibə Omonboyeva və başqalarının ifaları da alqışlarla qarşılandı.
* * *
Martın 13-də Azərbaycan Dövlət Filarmoniyasında dirijor Elşad Bağırovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti oldu. Görkəmli bəstəkarlar Fikrət Əmirovun “Şur”, “Kürd ovşarı” simfonik muğamları, Niyazinin “Rast” simfonik muğamı, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baletindən 3 fraqment səsləndirildi.
* * *
“Muğam aləmi” festivalı çərçivəsində Bakı Caz Mərkəzində də maraqlı konsert proqramları təqdim olunur. Martın 12-də Salman Qəmbərov qrupunun konserti keçirildi. Tanınmış caz ifaçısı muğam və caz həvəskarlarını təbrik etdi, Novruz ərəfəsinə təsadüf edən bu ənənəvi festivalın həm paytaxt sakinləri, həm də şəhərimizin qonaqları üçün ikiqat bayram ovqatı yaratdığını vurğuladı.
Konsertdə Azərbaycanın və xarici ölkələrin məşhur caz musiqiləri səsləndirildi.
Milli mahnılarımızın caz üslubunda özünəməxsus improvizasiyası tamaşaçıların, o cümlədən konserti izləyən əcnəbi cazsevərlərin alqışları ilə qarşılandı.
* * *
Martın 14-də Bakı Caz Mərkəzində bir çox müsabiqələrin laureatı, tarzən Arslan Növrəslinin və onun qrupunun konserti oldu. Gecədə populyar kompozisiyalar səsləndirildi.
Qeyd edək ki, “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı martın 18-də başa çatacaq.

Savalan Fərəcov,
Fariz Hüseynov,
Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar