Beynəlxalq musiqişünaslıq simpoziumuna yekun vuruldu

Martın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən beynəlxalq musiqişünaslıq simpoziumuna yekun vuruldu.
Simpoziumun sonuncu, üçüncü günündə türkiyəli musiqişünas Okan Murat Öztürkün sədrliyi ilə “Muğam dəsgahlarının notlaşdırılması problemi” və “Muğam/məqam: ənənə və yenilikçilik” bölmələri üzrə dinləmələr oldu. İmina Əliyeva (Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Azərbaycan məqamlarının intonasiya sistemi”, professor Ceyran Mahmudova “Azərbaycanda müasir dövrdə muğam sənətinin inkişafında televiziya muğam müsabiqələrinin rolu”, professor Sürəyya Ağayeva “Əbdülqadir Marağayi -Azərbaycan musiqi sənəti və türk xalqlarının mədəniyyət tarixinin tədqiqatı məsələsinə dair”, Aleksandr Cumayev (Özbəkistan) “Əbdülqadir Marağayi və Mərkəzi Asiyanın musiqi elmi, elmi biliklərin varisliyi məsələsinə dair” məruzələri dinlənildi.
Çıxışlarda bildirildi ki, muğam dəsgahları ənənəvi melodik və ritmik qanunauyğunluqlara malik, sərbəst vəznli improvizasiyalı muğam şöbələrindən və dəqiq vəznli epizodlardan, təsnif və rənglərdən ibarət silsilə quruluşlu irihəcmli vokal instrumental əsərlərdir. Görkəmli alim Məmmədsaleh İsmayılov dəsgahı möhtəşəm imarətlə müqayisə edərək məqamı bu imarətin karkası, muğamları təşkil edən şöbə və guşələri isə sütunları kimi səciyyələndirir. Muğam yarışmalarının televiziya vasitəsilə nümayişi bu qədim sənətin bu günün tələblərinə uyğun daha da baxımlı və cəlbedici formada təbliğ edilməsinə səbəb olur, muğamın inkişafına yeni impuls, nəfəs gətirir.
Məruzələrdən sonra IV Beynəlxalq Muğam Festivalının bədii rəhbəri Firəngiz Əlizadə və beynəlxalq simpoziumun elmi rəhbəri Sürəyya Ağayevanın rəhbərliyi ilə dəyirmi masa keçirildi. Üçgünlük sipmoziumda dinlənilən məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı.
Sonda iştirakçıların adından bəyannamə qəbul olundu. Bəyannamədə iki ildən bir təşkil olunan “Muğam aləmi” festivalının mühüm əhəmiyyətindən, geniş coğrafi ərazidə yayılmasından bəhs edilir, festival çərçivəsində keçirilən simpozium və gənc ifaçıların muğam müsabiqəsinin əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, simpoziuma toplanan alimlərin qarşısında duran əsas vəzifələrdən biri muğamın təhlili və gələcək nəsillərə çatdırılması istiqamətində birgə səyləri gücləndirməkdir. Festivalın bədii rəhbəri Firəngiz Əlizadə simpozium iştirakçılarına təşəkkürünü bildirərək onlara işlərində uğurlar arzuladı.
Tədbir iştirakçıları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının çıxışını izləyiblər.
Xatırladaq ki, UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) iştirakı ilə keçirilən “Muğam/maqam və müasir musiqi yaradıcılığı” mövzusunda beynəlxalq simpoziuma 13 ölkədən 30-dan artıq mütəxəssis qatılmışdı.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar