Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Mərkəzin rəhbəri Leyla Qasımova qonaqlara baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat verib. Bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir.
Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış caz pianoçusu Şahin Növrəslinin rəhbərlik etdiyi caz qrupu bayram konserti ilə çıxış edib. Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də muğam melodiyalarının caz üslubunda improvizasiyaları tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Konsertdən sonra qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanıb.