Aprelin 20-dən 24-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək.

Builki festivalın konsepsiyası “qeyri-konseptual” olacaq. Musiqisevərlər və festivalın qonaqları Bakı dinləyicilərinə az tanış olan, nadir, özlüyündə bir çox açıqlamaları ehtiva edən əsərləri dinləyəcəklər.
Aprelin 20-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində isveçrəli gitaraçı Kristof Yaqqin ustad dərsi keçəcək. Həmin gün axşam M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın açılış mərasimi olacaq. Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayev, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərlərini səsləndirəcək.
Aprelin 21-də Muzey Mərkəzində italyan bəstəkarı Salvatore Şarrinonun “Gözlərimin dönük nuru” operasının videonümayişi və əsər haqqında P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Marianna Vısotskayanın mühazirəsi təqdim olunacaq. Aprelin 22-də isə ingilis bəstəkarı Harrison Börtuistlin “Minotavr” operasının videonümayişi və bu əsərlə bağlı sənətşünaslıq doktoru Tatyana Sareqradskayanın mühazirəsi nəzərdə tutulub.
Aprelin 21-də həmçinin Kamera və Orqan Musiqisi Zalında Y.Vittenbaxın eyniadlı vokal silsiləsi əsasında “Laut Kafig ətrafında” adlı konsert proqramı təqdim olunacaq. Aprelin 22-də Beynəlxalq Muğam Mərkəzində italyan bəstəkarı Fausto Romitellinin “Metalların indeksi” video operası, aprelin 23-də isə Gənc Tamaşaçılar Teatrında Rusiya bəstəkarı Vladimir Tarnopolskinin “Kölgənin o biri tərəfində” multimediya operasının nümayişi olacaq.
Festivalın bağlanış mərasimi 24 apreldə Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.