Azərbaycanın musiqi xəzinəsinə töhfələr verən, onun üslub rəngarəngliyində yeni səhifələr açan və özündən sonra parlaq iz qoyan sənətkarlar çox olub. Belə görkəmli sənətkarlardan biri görkəmli bəstəkar, Xalq artisti Rafiq Babayevdir.

Rafiq Fərzi oğlu Babayev 1937-ci il martın 31-də Bakıda anadan olub. O, dünyaya göz açmamış atası repressiyaya məruz qalır, ailənin bütün əmlakı müsadirə edilir. Anası Şahbəyim xanım ailəni təkbaşına dolandırmağa məcbur olur. Rafiq incəsənətdən uzaq mühitdə böyüsə də, onda musiqiyə böyük maraq yaranır. Ana övladının istək və arzusunu nəzərə alaraq onun sənədlərini 1943-cü ildə musiqi məktəbinə verir. Burada təhsilini başa vurduqdan sonra, 1950-ci ildə A.Zeynallı adına musiqi məktəbinə qəbul olunur və R.S.Levinanın fortepiano sinfində təhsil alır.
1954-cü ildə məktəbi müvəffəqiyyətlə başa vurur. Buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilir. İlk dəfə imtahan səhnəsində R.Babayevin ifasında improvizasiya səsləndirilir. İmtahan komissiyasının tərkibində görkəmli bəstəkar Fikrət Əmirov gənc musiqiçinin cəsarətli çıxışını layiqincə qiymətləndirir.
R.Babayevin konservatoriyada oxuduğu illər bir-birindən daha maraqlı və yaradıcı mühitdə keçir. O, özünü bütünlüklə caz musiqisinə həsr edir. Təhsilini uğurla tamamladıqdan sonra qrupun musiqi rəhbəri kimi keçmiş ittifaqın müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır.
Bakıya döndükdən sonra yaradıcı həyatında həlledici mərhələ başlayır. O, görkəmli müğənni Rəşid Behbudovla tanış olur. 1964-cü ildə pianoçu ilk dəfə SSRİ sərhədlərindən kənarda - Misirdə çıxış edir. 1967-ci ildə R.Behbudov Mahnı Teatrını yaradır, musiqi rəhbəri vəzifəsinə isə R.Babayevi dəvət edir. Müəyyən fasilələrlə onlar 1983-cü ilə qədər bir yerdə işləyirlər. R.Babayev burada çalışdığı vaxtlarda böyük bir məktəb keçir. Müsahibələrindən birində belə deyir: “Sözsüz ki, belə bir istedadlı müğənni, bəstəkarla işləmək mənim yaradıcılığıma böyük təsir etdi. Mən Mahnı Teatrına gələndə çox gənc idim. Onun gözəl vokal məktəbini keçdim. Bu mənada Rəşid Behbudov nümunə idi”.
Onlar birlikdə möhtəşəm teatrlaşdırılmış konsert proqramı ilə (bu proqrama gənc instrumental ifaçılar, müğənnilər, rəqqaslar cəlb olunmuşdu) keçmiş ittifaqın bir çox şəhərlərində və eləcə də Əfqanıstan, Türkiyə, İraq, Bolqarıstan, Macarıstan, Yəmən, İordaniya, İsveçrə, Almaniya, Pakistan, Hindistan, Əlcəzair, Belçika və s. ölkələrdə müvəffəqiyyətlə çıxışlar edirlər. R.Babayev yaradıcılığını daha da inkişaf etdirir, “Bayatı-kürd ladında” (1966) və “Sayrışan ulduzların işığı” (1967) kompozisiyalarını yaradır.
Onu da qeyd edək ki, R.Babayev muğam strukturunda sərbəst oriyentasiya edən, orkestrin intonasiya və texniki imkanlarına, Azərbaycan vokal sənətinin ən zərif melizmlərinə dərindən bələd olan bir sənətkar olub. 1967-ci ildə Estoniyanın paytaxtı Tallində keçirilən beynəlxalq festivalda onun rəhbərlik etdiyi ansambl laureat adına layiq görülür. Bu festivalda ifa olunan “Bayatı-kürd ladında” kompozisiyası özünəməxsus milli koloriti ilə məşhur amerikalı caz tənqidçisi Uillis Konoverin ruhunu oxşayır. Tənqidçi bəstəkarın yaradıcılığını çox bəyənir.
Görkəmli musiqiçi ifaçılıq sənəti ilə yanaşı, bəstəkarlıq sahəsində də yeni-yeni əsərlər ərsəyə gətirir. Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının motivləri əsasında yaratdığı eyniadlı fantaziya-parafraz, “Nisgillik” albomu, “Bayram yürüşü”, “Bakının nəbzi”, “Dağlarda bayram”, “Portret”, “Qobustan” kimi instrumental pyeslər, bir sıra bədii və sənədli filmlərə yazılan musiqilər, xalq və bəstəkar mahnılarının işləmələrini misal göstərmək olar.
Maraqlı yaradıcılıq yolu keçən R.Babayev ifaçılıq sənətimizdə öz dəst-xətləri ilə seçilən sənətkarlar da yetişdirib. Onun yetirmələrindən söz düşərkən ilk olaraq Cəmil Əmirov, Ələsgər Abbasov, Siyavuş Kərimi, Rauf Sultanov kimi tanınmış sənətkarlar göz önünə gəlir.
1991-ci ildə R.Babayev rəhbərlik etdiyi “Cəngi” estrada-folklor ansamblı ilə bir sıra ölkələrdə konsertlər verir, musiqisevərlərin böyük rəğbətini qazanır. Onun Azərbaycan musiqisinin inkişafı və beynəlxalq aləmdə təbliği sahəsindəki xidmətləri yüksək qiymətləndirilir, 1993-cü ildə respublikanın “Xalq artisti” fəxri adına layiq görülür.
Azərbaycan xalqı 1994-cü ilin 19 martında dəhşətli bir faciənin ağrılarını yaşadı. Erməni xüsusi xidmət orqanlarının Bakı metropoliteninin 20 Yanvar stansiyasında törətdiyi terror aktı neçə-neçə günahsız insanın arzularını yarıda qoydu. Faciə zamanı həlak olanların arasında Rafiq Babayev də vardı... Onun musiqi mədəniyyətimizdəki parlaq izi neçə-neçə nəsilləri böyük uğurlara səsləyəcək.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar