Qara Qarayev VI Müasir Musiqi Festivalının açılışı keçirilib

Azərbaycan paytaxtı daha bir beynəlxalq sənət bayramına ev sahibliyi edir. Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI Müasir Musiqi Festivalının təntənəli açılış mərasimi keçirildi.

Müasir musiqi sənətinin canlı klassikləri sayılan bəstəkar və ifaçıları, dirijor və solistləri, yerli və xarici musiqi kollektivlərini bir araya gətirən tədbirin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Ədalət Vəliyev, Sevda Məmmədəliyeva, tanınmış incəsənət xadimləri iştirak edirdi. Mərasimin iştirakçıları arasında dahi bəstəkarın oğlu, Azərbaycanın Əməkdar incəsənət xadimi, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev də var idi.
Musiqi gecəsi Qara Qarayevin dünyaca məşhur “İldırımlı yollarla” baletindən “İntroduksiya”nın səslənməsi ilə başladı.
Mərasimdə açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ənənəvi olaraq iki ildən bir keçirilən və böyük bəstəkarın adını daşıyan beynəlxalq musiqi festivalının iştirakçılarını salamladı. Qara Qarayevin XX əsrin ortalarından başlayaraq Azərbaycan mədəniyyətinə musiqi dili ilə gətirdiyi yeniliklərdən danışan nazir müavini bəstəkarın əsərlərinin bəşəriyyətin musiqi xəzinəsi inciləri sırasına daxil olduğunu vurğuladı: “Gənc yaşlarından istedadının gücünə güvənərək dünya səviyyəli bəstəkarlarla tərəfdaşlıq edən, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahilərdən dərs almış Qara Qarayev böyük bir musiqi məktəbi ənənəsinin əsasını qoyub”.
Azərbaycan musiqisinin son onilliklərdə xüsusi yüksəliş dövrünü yaşadığını deyən Ədalət Vəliyev bir müddət öncə paytaxtımızda dördüncü dəfə beynəlxalq muğam festivalının gerçəkləşdiyini, il ərzində Mstislav Rostropoviç, İpək Yolu, Qəbələ, Üzeyir Hacıbəyli və caz festivallarının keçiriləcəyini bildirdi. Qeyd olundu ki, bütün bu tədbirlər sayəsində ölkəmiz dünya musiqiçilərinin görüş və ünsiyyət yerinə çevrilib. Nazir müavini Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində sənətsevərlərin beş gün ərzində dünyanın, o cümlədən Azərbaycanın böyük bəstəkarlarının əsərlərini dinləyəcəklərini diqqətə çatdırdı.
Sonra söz musiqiyə verildi. “Kədərli axşam” adı verilən həzin musiqilərdən, məşhur musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olundu. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) müşayiəti ilə Viktor Lütoslavski, Kaya Saariaxo, Edison Denisov, Fridrix Tserxa, Vladislav Soyfer, Alban Berq kimi bəstəkarların əsərlərindən parçalar səsləndirildi. Yekaterina Kiçigina, Fəridə Məmmədova, Andrey Kaplanov, Nadiya Zelyankova, Sergey Malinin kimi solistlərin ifasında səslənən əsərlər tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.

Həmidə