Bu dünyanı qafiyə qiyafəsiycə görüb, rübai-bayatı yığcamlığıyca vəsf edib, füzun bir poemayca yaşamış xanım...

Soyu-soyadı - bütün səhvləri və səf-səf uğurları ilə milli tariximizin böyük seçkinlərindən olan Nadir şah Əfşar şəcərəsinə, döyüşlərin birində məşhur bir sərkərdənin “Əcəb dilbazəst!” (əcəb cəsur, ürəkli adamdır!) deyə öydüyü bir baba ocağına - Dilbozlar nəslinə mənsub olan bu xanımın ürəyi özünün də bir tağı olduğu poeziya qədər zərif, sənət timsalında incə-mincə idi...

Bütün bədii yaradıcılığı, iç və dış xatirələr mülkü bəyan edir ki, şairlər yurdu Qazax mahalında doğulmuş bu xanım qəlbcə də təbiət mahiyyətində olub, qələmcə də. Bəzi tənqidçi və ədəbiyyatşünasların qənaətincə, Mirvarid Dilbazi şeirlərində müharibə (1941-45) mövzusu daha geniş yer tutur, daha qabarıq görsənir. Bəndəniz bu fikirlə, olsa-olsa, say-miqdar baxımından razılaşa bilər, mövzuya, fakta münasibət, ürək-qəlb yanğı-yansımı sarıdan isə, əsla! Bunun sübutuna bir neçə nümunəm də var:

Qar örtdü bağça-bağları,
Çiçəkli-güllü dağları,
Nə xoş gəlib bu qış, bu qar
Qışın da özgə zövqü var -
Qar altda yatar tarlalar...


Yaxud, ahıl yaşlarınadək - doğmalı-yadlı bütün ətrafına, “hal əhli” kriteriyalı oxucularına bir ana təsiri bağışlamış, “ixtiyar yaş”dan sonra isə ellər anası yerində görünmüş bu xanımın dillər və könüllər əzbəri bir mahnıdakı sözlərini yada salaq:

İlıq küləklər əsdi,
Yaz gəlməyə tələsdi,
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü...


Hələ bu xanımın əsl ziyalı sənətkarların nəfs fəlsəfəsinə dair misraları!

Süfrəmi sadə görsən,
Utanma nemətlərin
Azlığı-çoxluğundan.
Sənin nə xəbərin var -
Qələm sahiblərinin
Mənəvi toxluğundan...


Sayı da, sanbalı da yetərincə olan belə nümunələrdən birini də, müasir media-mod leksikonu seriyasından - “az sonra”ya saxlayıb, onun kitablarından bir neçəsinin adama mənəvi dad bəxş edən adlarını sadalamaq istəyirəm: “Bizim səsimiz”, “İlk bahar”, “Döyüş mahnıları”, “Vətən eşqi”, “Qoçaq ataların qoçaq övladlarına”, “Xatirələr”, “Sənətkarın xəyalı”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, “Çiçəkdən-çiçəyə”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”...
Nəhayət, bu xanıma məxsus “kitabın içindəkilər”dən daha bir nümunə:

Dörd divar,
Bir tavan,
Bir döşəmə.
Bir də
Ürəyimdə sıxıntı,
Kədər.
Sabahı gözləyən ümidlər...
Sabahım da bu günümə bənzəsə əgər?..


Bu xanım belə-belə fikirlər, hikmətlər yazırdı, onu oxuyacağınız halda biləcəyiniz mətləblərdən, duyacağınız duyğulardan bəhs edirdi. O, “başqaları” barədə o qədər yazdı, o qədər bəhs etdi ki, başladılar onun sözü, özü haqda yazmağa, bəhsi-ərz etməyə.

Yazdılar (və yazırıq) ki...

Mirvarid Dilbazi “uzun, ağlı-qaralı, enişli-yoxuşlu, daşlı-kəsəkli... bir ömür yaşadı”. “Uzun”, “enişli-yoxuşlu” ifadələrinə mən də şərik. “Ağlı-qaralı”, “daşlı-kəsəkli” epitetləri isə “söz”. Nədən ki, belə kəlmələri başına buraxsaq, bu xanımın siyasi zillətlərə düçar edilmiş çağdaşlarının ruhi-mənəvi haqlarına toxunmuş olluq...
Oxuduqllarıma (və bir az nisbi, bir az ciddi dəstəklənəsi fikirlərə) görə, Mirvarid xanım ömrünün bir gününü də ümidsiz, arzusuz, işıqsız yaşamayıb və elə bu əhvalına binaən onun şeirləri günü bu gün də oxucularının qəlbinə elə o qəbil əlamət və keyfiyyətlər süzür, könüllər feyzləndirir, ruhlar oxşayır, müəllifini unudulmazlıq, həmişədirilik səadətinə qovuşdurur.
Yazırlar ki, Dilbazinin - bir vaxtlar şücaət və cəsarətinə görə ünvanına “Əcəb dilbazəst!” deyilən Molla Alı ocağının oğullarından olan, “Şair” təxəllüsü ilə ədəbiyyat tariximizdə iz qoyan babası Əbdürrəhman ağa görkəmli maarifçi-alim Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında da böyük milli iftixar hislərilə yad edilir, o nəsildən olan Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (mühacirət ədəbiyyatımızın ilk nümayəndələrindən biri) haqqında maraqlı məlumatlar verilir. Mirvarid xanım özü də 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə göz yaşları” xatirələr kitabında o dövran anlarına toxunur: “XIX yüzilliyin axırına qədər nəslimizi ziyalı-mülkədar nəsli təmsil etmişdir. Onların ölümündən sonra nəsildə bir boşluq əmələ gəlib. Hacı Rəhim ağa Vəhidinin oğlanları, qızı bu boşluğu doldursalar da, yenə də azlıq edib.
Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən insanlar yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı. Sinfi mənsubiyyətlərinə görə, rast gəldikləri məhrumiyyətlərə, maneələrə baxmayaraq, nəslimizdən üç kənd təsərrüfatı elmləri namizədi - Hacı Dilbazi, Xanım Dilbazi, Rəşid Dilbazi, tibb elmləri doktoru Nəcməddin Hacıyev (Dilbazi), bir Xalq artisti - Əminə Dilbazi, ömürlərini xalq maarifinə həsr etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi, “Məhəbbət qocalmır”, “Ağ yasəmənlər” povestlərinin müəllifi Yaqut Dilbazi kimi tanınmış adamlar çıxmışlar”.
1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuş Mirvarid atasını erkən yaşlarından itirib və Daş Salahlıda yaşayan babası Mustafa ağanın mülkündə, Damcılı və Göyəzən ətəklərində, qədim Qazağın ulu Dilican yaylaqlarında böyüyüb. Sözügedən qədim, ulu elatlar, folklor yazım-yozumlu mühit bu gələcək söz sənətkarının şərhi-bəyanlı bir şəxsiyyət kimi də yetişib-formalaşmasında önəmli rol oynayıb. İlk təhsilini Daş Salahlıdakı Heydər əfəndinin ibtidai məktəbində alıb. 1920-ci ildə dövrün ziyalı xanımlarından sayılan Mədinə Qiyasbəyli onu başqa yeniyetmə qızlarla bərabər Bakıya gətirir və Mirvarid 1929-cu ildə Ali Pedaqoji İnstitutun ədəbiyyat-ictimaiyyat fakültəsinə daxil olur.
O sonralar “Bizim müəllimlərimiz” başlıqlı xatirələrində yazacaqdı: “Müəllimlərimiz (G.Yusubova, A.Əmirov, N.Şahsuvarov, C.Əfəndizadə, A.Musaxanlı) namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi.
Axşamlar Nəriman Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə gələr və biz hamımız onların başına toplaşardıq. Doktor bizə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək haqqında elə şirin danışırdı ki, biz uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq istəyirdik. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən gedəndə isə yaman darıxırdıq. Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi.
Bir axşam yenə məktəbin çıraqları yandı. Böyük salonda doktor Nərimanovun ətrafına toplaşmışdıq. O, bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz yolda qaldı, Nərimanov gəlmədi. Demə, onu Moskvaya aparıblarmış. 1925-ci ildə isə onun ölüm xəbərini eşitdik...”
1932-ci ildə ali məktəbi bitirən Mirvarid Dilbazi Qubaya göndərilir. İki il Quba Partiya Məktəbində çalışdıqdan sonra Bakıya qayıdır. “Şərq qadını” jurnalında ədəbi işçi, Dövlət Muzeyində baş elmi işçi və şöbə müdiri işləyir. Daha sonra Moskvada ədəbi kurslarda olur və... salam, sənət!..
“Qadınların hüriyyəti” adlı ilk (1927), “Zəhra”, “Qurtuluş”, “Qadın” və başqa şeirləri onu tezliklə məşhurlaşdırır. 1934-cü ildə “Bizim səsimiz”, ardınca “İlk bahar” kitabları çap edilir. Böyük Vətən müharibəsi illərində yeddi kitabı nəşr olunan şair dinc illərin başlanğıcında “Məhsəti”, sonralar “Əlcəzairli qız”, “Partizan Aliyə" poemalarını qələmə alır. Görkəmli bəstəkarlardan F.Əmirov, T.Quliyev, S.Ələsgərov, Ş.Axundova, A.Rzayeva və başqalarının onun sözlərinə yazdıqları mahnı, romans və oratoriyalar, xarici dillərə tərcümə olunan əsərləri müəllifin şöhrət coğrafiyasını daha da genişləndirir.
Sovet dövründə “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenləri, Xalq şairi adı, müstəqil Azərbaycanın “İstiqlal” ordeni və bir neçə medalları ilə təltif olunan şair 2001-ci il iyulun 12-də vəfat edib.

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar