2015-ci ilin 1 mayı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tarixinə növbəti musiqi bayramı kimi yazıldı. Hər il çoxsaylı uğurlara imza atan məktəbimiz bu konsertlə bir daha öz istedadlı şagirdlərinin valehedici ifalarını Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində əsrarəngiz musiqi qalereyası kimi nümayiş etdirdi. Musiqi şöləni dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuşdu.
Hər il olduğu kimi, budəfəki konsert də dinləyicilər tərəfindən böyük maraqla qarşılandı. Konsertdə çıxış edən məktəbimizin 10 gənc istedadı alqış və gül yağışına qərq oldular. Onları dinlədikcə dinləyicilərin qəlbinə dolan fərəh hissi hamının gözlərində parlaq bir qığılcıma çevrilmişdi. Belə istedadlar musiqi dünyamıza qədəm qoyduqca Azərbaycan musiqi mədəniyyəti hələ çox zirvələr fəth edəcək.
Qeyd edək ki, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri hər il müxtəlif səpkili tədbirlərdə, festivallarda, respublika və beynəlxalq miqyaslı müsabiqələrdə uğur qazanaraq tədris ocağının adını ucaldırlar. Bu isə Mədəniyyət və Turizm Nazirliyinin məktəbimizə göstərdiyi diqqət və qayğının, məktəb rəhbərliyinin kollektivə bəslədiyi səmimi münasibətin, pedaqoji heyətin yüksək peşəkarlığının, əməyinin nəticəsidir. Onu da qeyd edək ki, konserti Xalq artisti, professor Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiət etməsi məktəbimizin tarixində əlamətdar hadisə oldu. Rauf Abdullayev kimi görkəmli sənətkarın idarə etdiyi orkestrlə çıxış şagirdlərimiz üçün böyük məsuliyyət idi. Onların hər birinin qüsursuz ifası möhtəşəm orkestrlə nəfis tandem yaratdı. Bir-birini əvəz edən tar, skripka və fortepiano ifaları dinləyicilərin qəlbinə mirvaritək süzüldü. Konsertdə çıxış edən 10 ifaçı dəfələrlə respublika müsabiqələrinin laureatları olmuş şagirdlərdir. Fortepiano konsertləri silsiləsində Nailə İbrahimova F.Əmirov və E.Nəzirovanın "Ərəb mövzuları əsasında konsert"ini (I hissə), Səbinə Rzazadə E.Qriqin a-moll konsertinin I hissəsini, Mədinə Bağırova F.Mendelsonun g-moll konsertinin I hissəsini, Nərgiz Əliyeva L.V.Bethovenin C-dur konsertinin I hissəsini, Cavid Yusifzadə V.A.Motsartın C-dur konsertinin I hissəsini yüksək peşəkarlıqla ifa etdilər.
Konsertin simli alətlərlə ifa olunan bölümü də maraqla qarşılandı. Beynəlxalq müsabiqə laureatı Zərrin Əliyeva F.Mendelsonun e-moll konsertinin II-III hissələrini ustalıqla ifa etdi. Brukun ikili konsertini isə skripkada Nərgiz Hüseynzadə, alt alətində Elnarə Tağızadə səsləndirdi. Onu da qeyd edək ki, klarnet və alt üçün yazılmış bu ikili konsert ilk dəfə idi ki, skripkada səslənirdi. Skripkada ifa edən Nərgiz Hüseynzadə Prezident təqaüdçüsü, beynəlxalq müsabiqə laureatıdır. Məktəbin aktivinə öz mükafatlarını yazdıran şagirdlərdən biri də beynəlxalq müsabiqə laureatı Orxan Hüseynlidir. O, D.Kabalevskinin violonçel üçün yazılmış konsertini məharətlə ifa edərək sürəkli alqışlar qazandı.
Tədbirin ikinci violonçel konsertini ifa edən respublika müsabiqəsi laureatı Nigar Məmmədovanın çıxışı da rəğbətlə qarşılandı. İkiqat müsabiqə laureatı, Bülbül adına festivalın laureatı Orxan Zeynalov tarda H.Xanməmmədovun 2№-li konsertinin II-III hissələrini ifa edərək Azərbaycan musiqisinin gözəlliklərini tam mənada dinləyicilərə çatdırdı.
Son olaraq bir daha qeyd edək ki, məktəbimizin yetirdiyi hər istedadlı gənc təkcə bu tədris ocağının deyil, bütünlükdə Azərbaycan musiqi mədəniyyətinin uğurudur.
Nərgiz Əliqızı,
musiqişünas