Kollektivin repertuarında Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş “Matəm marşı” da var
Mayın 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında Gürcüstandan dəvət edilmiş Qori Qızlar Kamera Xorunun konserti keçirildi.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin sədri, professor Polad Bülbüloğlu konsert proqramının Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirildiyini diqqətə çatdırdı: “Son illər Azərbaycan paytaxtı dünya mədəniyyətinin, musiqisinin inkişafında öz töhfələri ilə gündəmə gəlir. Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müxtəlif ölkələrdən gəlmiş qonaqlar iştirak edir. Qonşu Gürcüstan Respublikasının Qori şəhərinin qızlardan ibarət kollektivi də qonaqlarımız sırasındadır”.
Polad Bülbüloğlu Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı.
Sonra konsert proqramı təqdim olundu. Qori Qızlar Kamera Xorunun ifasında bir sıra əsərlər səsləndirildi. Merab Qaqnidzenin Qarabağ uğrunda şəhid olanların əziz xatirəsinə həsr etdiyi “Matəm marşı” da ifa olundu. Xorun dirijoru Teona Çiramua idi. Kollektivin çıxışı böyük maraqla qarşılandı.
Tədbirdə Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze, iki ölkənin bir sıra mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdilər.
Fariz Hüseynov