Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə görkəmli Azərbaycan yazıçı-dramaturqu Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, tanınmış folklorşünas alim, şair Məhərrəm Qasımlının (Orxan Paşa) “Yağmur qoxusu” şeirlər kitabı və Xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı gürcü dilində çap olunub.
Tbilisidəki “Universal” nəşriyyatında işıq üzü görən kitabların gürcü dilinə tərcümə olunmasında və nəşrində Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Məmmədoğlunun böyük əməyi var. O, nəşr olunan kitabları Tbilisi ədəbi mühitində mühüm hadisə kimi dəyərləndirib. Qeyd edib ki, Cəlil Məmmədquluzadənin dünyanın bir neçə dilində hekayələr kitabı işıq üzü görsə də, gürcü dilində ilk dəfə nəşr olunur. “Poçt qutusu” hekayəsi ilk dəfə görkəmli alim Əziz Şərif tərəfindən tərcümə olunub və bu hekayə 1934-cü ildə “Türk ədəbiyyatı” toplusuna daxil edilib. 1968-ci ildə Tbilisi Dövlət Universitetinin nəşr etdiyi ədəbiyyat müntəxəbatına da C.Məmmədquluzadənin “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələri daxil olunub. O vaxt “Poçt qutusu” hekayəsini Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya gürcü dilinə tərcümə etmişdi.
Qeyd edək ki, akademik İsa Həbibbəyli kitaba “ön söz” yazıb. Nəşrin redaktoru filologiya elmləri doktoru, professor, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratiani, nəşriyyat redaktoru M.Məmmədoğlu və tanınmış gürcü yazıçısı Nariman Yaşağaşvilidir. Tərcümə Azərbaycanın və Gürcüstanın dövri mətbuatlarında çap olunan gənc yazıçı Almaz Mirzəoğluna məxsusdur.
Kitabda müəyyən sözlərin izahı, C.Məmmədquluzadənin həyat və yaradıcılığına, ailə üzvlərinə aid şəkillər də əksini tapıb.
“Yağmur qoxusu” kitabında isə M.Qasımlının müxtəlif illərdə yazdığı şeirləri yer alıb. Bundan əvvəl onun silsilə şeirləri “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində və “Amer-İmer” (“Bu tərəf-o tərəf”) ədəbi jurnalında dərc olunub. Şeirlərin sətri tərcüməsi M.Məmmədoğluna, bədii tərcüməsi isə istedadlı gürcü şairi Avtio Çxaidzeyə məxsusdur.
S.Rüstəmxanlının “Ölüm zirvəsi” romanını isə gürcü dilinə tanınmış yazıçı, Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse-prezidenti Aleko Qabeliya tərcümə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar