Avropa ölkələrindəki yay mövsümündə musiqi festivallarının keçirilməsi ənənəsi artıq Azərbaycanda da formalaşıb
İyulun 25-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti incəsənət bayramının - VII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. 2009-cu ildə əsası qoyulan ənənəvi festivala İtaliya, İspaniya, Rusiya, Xorvatiya, Almaniya, Ukrayna və İsraildən tanınmış kollektivlər, musiqiçilər qatılıb. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda keçirilən mərasimdə əvvəlcə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına müraciəti oxunub.
Müraciətdə festivalın ölkəmizin gözəl guşələrindən birində, əsrlər öncə qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə keçirildiyi diqqətə çatdırılır: “Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqa daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq festivalların, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır. Fərəhləndirici haldır ki, iyun ayında ilk dəfə olaraq keçirilən Avropa Oyunlarına ev sahibliyini məhz Azərbaycan etmişdir. Azərbaycan birinci Avropa Oyunlarının açılış mərasimində tarixini, mədəniyyətini, musiqisini, müasirliyini dünyaya təqdim edə bildi. Açılış mərasimində Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri səslənərək Azərbaycan musiqisini bütün dünyada bir daha tanıdaraq, möhtəşəmliyini növbəti dəfə vurğuladı”.
Qəbələ festivalı ilə musiqi mədəniyyətində yeni ənənənin təməli qoyulub
Müraciətdə qeyd olunur ki, 2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulub: “Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək beynəlxalq nüfuzunu ildən-ilə artırır. Qəbələ bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir. Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir. Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram”.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək, musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından salamlayıblar. Bildirilib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycan və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur.
İyulun 31-dək davam edəcək VII Beynəlxalq Musiqi Festivalına Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar qatılıblar. Builki festival Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə təsadüf edir. Festivalın proqramında dahi bəstəkarın əsərləri də yer alıb.
* * *
Çıxışlardan sonra İtaliya Simfonik Orkestrinin ifasında konsert proqramı təqdim olunub. Konsertdə Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, M.Maqomayevin, C.Rossininin, K.Sen-Sansın, J.Bizenin, P.Maskanyininin və digər tanınmış Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Qeyd edək ki, İtaliya Simfonik Orkestri dünyanın ən məşhur kollektivlərindən biridir və 30 ildən çoxdur fəaliyyət göstərir.
Azərbaycan Avropanın klassik musiqi şəbəkəsinin ayrılmaz hissəsinə çevrilib
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı ənənəvi bir incəsənət bayramına çevrilib. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır. Buraya gələn xarici qonaqlar xalqımızın mədəniyyəti, milli musiqimiz, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Qəbələdə bu gözəl təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində iştirak edərək dünya musiqi incilərini dinləyirlər.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir diqqətə çatdırıb ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir: “Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb”.
Qeyd edilib ki, Qəbələ Musiqi Festivalı neçə illərdir yay mövsümündə regionda keçirilən ən vacib mədəni tədbir hesab olunur. Avropa ölkələrində yay mövsümündə bu cür musiqi festivallarının keçirilməsi ənənəsi illər öncədən mövcuddur. Ölkəmizdə də bu ənənə artıq formalaşdırılıb. Azərbaycan dünyanın tanınmış musiqiçilərinin iştirakı ilə bu tədbiri hər il yüksək səviyyədə keçirməklə Avropanın klassik musiqi şəbəkəsinin ayrılmaz bir hissəsinə çevrilib. Bu festival haqqında hər il Avropanın aparıcı televiziya kanallarında, mətbuat orqanlarında geniş məlumatlar verilir. Ölkəmizdə hələ birinci Avropa Oyunlarının xoş təəssüratlarının yaşandığı, həmin Oyunların hələ də dünya mediasının diqqətində olduğu bir vaxtda Azərbaycan yeni bir mötəbər mədəni tədbirə, musiqi festivalına ev sahibliyi etməyə başlayıb. Avropalılar ölkəmizin idman və mədəniyyət mərkəzinə çevrilməsinin bir daha şahidi olurlar. Bunlar hamısı onu göstərir ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Heydər Əliyev Fondunun təşəbbüslərinin uğurla icra edilməsi, ölkəmizdə olan sabitlik və cəmiyyətin inkişafı Azərbaycanda bu cür mötəbər tədbirlərin keçirilməsinə imkan yaradır.
Nazir Azərbaycan musiqiçilərinin təcrübə mübadiləsi baxımından dünyada məşhur musiqiçilərlə birgə konsertlər verməsini festivalın önəmini daha da artırdığını bildirib: “Belə möhtəşəm tədbirlərdə bizim musiqiçilər öz bacarıqlarını nümayiş etdirməklə Avropada keçirilən festivallara dəvətlər alırlar. Artıq Azərbaycanın klassik musiqi ifaçıları Avropada tanınır, qəbul olunur və böyük tədbirlərdə iştirak edirlər”.