Bir həftə davam edən festival iştirakçılara və tamaşaçılara yaddaqalan anlar bəxş etdi

Qədim Qəbələ bu il yeddinci dəfə Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir. 2009-cu ildə əsası qoyulan festival mədəni əlaqələrin genişləndirilməsinə, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılmasına xidmət etməklə yanaşı, beynəlxalq nüfuzunu ildən-ilə artırır.

Səkkiz ölkədən (Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Xorvatiya, Almaniya, Ukrayna, İsrail) kollektivlərin, solistlərin və dirijorların qatıldığı Qəbələ VII Beynəlxalq Musiqi Festivalı iştirakçılara da, tamaşaçılara da yaddaqalan anlar bəxş etdi. Heydər Əliyev Konqres Mərkəzinin kamera musiqisi zalında və açıq səma altında qurulmuş səhnədə keçirilən konsert proqramlarında məşhur musiqiçilərlə yanaşı, gənc ifaçıların da çıxışları maraqla dinlənildi.

Azərbaycan və alman bəstəkarlarının kamera musiqisi

Festivalın proqramına uyğun olaraq iyulun 28-də Heydər Əliyev Konqres Mərkəzində növbəti kamera musiqisi konserti keçirilib.
Konsertdə Əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın (vokal), beynəlxalq müsabiqələr laureatı olan gənc musiqiçilər - Fərhad Qarayusiflinin (dirijor), Səidə Tağızadənin (piano), Aslan Aslanovun (piano), Kənan Mailovun (skripka), Asim Xəlilovun (violonçel) çıxış ediblər. Proqramda tanınmış bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifovanın simli kvartet, fortepiano, soprano, qoboy və balaban üçün yazdığı “Xəyallarımdakı şəhər”, “7 çinar” və “Yaz mahnısı”, eləcə də məşhur alman bəstəkarı Yohanes Bramsın əsərləri səsləndirilib.

Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti

Həmin gün Heydər Əliyev Konqres Mərkəzində keçirilən daha bir konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar incəsənət xadimi, Xalq artisti, Prezident mükafatçısı Teymur Göyçayevin dirijorluğu ilə keçən konsertdə Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Min bir gecə” baletindən Mərcanənin rəqsi, Sevda İbrahimovanın fortepiano və orkestr üçün 5-ci konserti, Volfqanq Amadey Motsartın “Divertisment in B”, Dmitri Şostakoviçin fortepiano və orkestr üçün 1-ci konserti tamaşaçılara təqdim edilib.
Konsertdə məlumat verilib ki, Azərbaycan musiqisinin klassikləri olan Q.Qarayev və F.Əmirovun təşəbbüsü ilə 1964-cü ildə yaradılan Azərbaycan Dövlət Kamera Orkestrinin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 40 ildən çox davam edən fəaliyyəti zamanı dünyanın bir çox şəhərlərində, beynəlxalq nüfuzlu festivallarda iştirak edib. Orkestrin repertuarına Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1998-ci ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin (piano) və Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundovanın (piano) çıxışı da maraqla qarşılanıb.

Xorvatiyalı gitaraçıların çıxışı festivala rəng qatıb

İyulun 29-da festivalın Xorvatiyadan gəlmiş iştirakçıları - məşhur “Dubrovnik Gitara Triosu” Heydər Əliyev adına Konqres Mərkəzində səhnəyə çıxıb.
Kamera musiqisi zalında keçirilən konsertdə Dubrovnik Musiqi Məktəbinin gitaraçı üçlüyünün üzvləri Ante Skaramuca, Frano Matujiç və Maroye Brçiçinin ifa etdikləri musiqi əsərləri tamaşaçıların zövqünü oxşayıb.
Konsertdə Avropa bəstəkarları A.Vivaldi, Q.Hendel, L.Sorkoçeviç, N.Njiriç, F.Mendelson, Q.Foren və İ.Albenisin əsərləri səslənib. Yerli və xarici musiqisevərlərə məlumat verilib ki, 1992-ci ildən fəaliyyət göstərən “Dubrovnik Gitara Triosu” dünyanın 15-dək ölkəsində konsert proqramları təqdim edib.

Festivalın növbəti piano axşamı

Qəbələ musiqi festivalının daha bir dünya şöhrətli iştirakçısı rusiyalı pianoçu Aleksandr Qindindir. İyulun 29-da Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdə beynəlxalq müsabiqələrin qalibi, İsveç Kral Festivalının (Stokholm) və “Ermitaj” solistlər ansamblının bədii rəhbəri olan Aleksandr Qindin maraqlı proqram ilə tamaşaçıların zövqünü oxşayıb.
Konsertdə həmçinin bir sıra yerli və beynəlxalq müsabiqələrin qalibi, festivalların iştirakçısı olan Səidə Tağızadə (piano) və Əməkdar artist, Azərbaycan Dövlət Simli Kvartetinin üzvü Aleksey Miltıx (violonçel) bəstəkar Aleksandr Skryabın və Sergey Raxmaninovun fortepiano və violonçel üçün yazdığı əsərləri səsləndiriblər.

* * *
Onu da qeyd edək ki, builki Qəbələ festivalı çərçivəsində pianoçuların sayca üçüncü beynəlxalq müsabiqəsi də təşkil olunub. Qəbələdəki Beltman piano fabrikinin dəstəyi ilə keçirilən müsabiqəyə festivalın son günü, iyulun 31-də yekun vurulacaq, qaliblərə pul mükafatları təqdim olunacaq. Heydər Əliyev Konqres Mərkəzinin kamera musiqisi zalında müsabiqə qaliblərinin konserti də keçiriləcək.