Ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və füsunkar təbiəti ilə seçilən bölgələrindən olan Şəki son illər müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Avqustun 22-dən 26-dək Şəki şəhərində ilk dəfə olaraq "Nağara-2015" beynəlxalq zərb alətləri festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və "Almus Production" şirkətinin təşkilatçılığı ilə reallaşan festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları iştirak edəcəklər.
Festivalın təntənəli açılış mərasimi avqustun 22-də şəhərdəki “Yaşıl teatr”da keçiriləcək. Festival günlərində Özbəkistanı təmsil edən Abbos Kasimov və "Abbos" qrupu, İranın "Lian" qrupu, Türkiyəni təmsil edən Suat Borazan və "İstanbul Harem" qrupu və Azərbaycan təmsilçisi "Natiq ritm" qrupunun konsertləri olacaq. 23, 24, 25 və 26 avqust tarixlərində Şəkidəki karvansarayda Natiq Şirinov, Abbos Kasimov, "Lian" qrupu və Suat Borazanın ustad dərsləri təşkil ediləcək.