Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Niyazi anadan olmasının 103-cü ildönümündə yad edildi
Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar, Dövlət mükafatı laureatı Niyazinin (1912-1984) anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olundu.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova görkəmli dirijorun keçdiyi ömür yolundan və yaradıcılığından danışdı.
Bildirildi ki, görkəmli dirijor eyni zamanda "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərləri, "Rast" simfonik muğamı, "1920-ci ildə" opera-kantatası, simfonik orkestr üçün "Rəqs süitası" və s. musiqi əsərlərinin müəllifidir.
Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov, şöbə müdiri Xanım Abdinova, bəstəkar Azər Dadaşov sənətkarın Azərbaycanın musiqi tarixindəki rolundan söz açdılar.
Qeyd edildi ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. 1937-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunan sənətkar 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin “Nərgiz" operasının dirijoru olub. O həmçinin Üzeyir Hacıbəylinin "Koroğlu", Qara Qarayev və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarını, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletini yüksək səviyyədə idarə edib. Dünyanın bir sıra ölkələrində müvəffəqiyyətli çıxışlarına görə o, 1959-cu ildə SSRİ Xalq artisti adına, SSRİ Dövlət mükafatına və "Çitra" baletinə görə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb.
Tədbirin bədii hissəsində qonaqlara Niyazinin və Tofiq Quliyevin musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olundu. Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Ülviyyə Hacıbəyova Niyazinin “Prelüd”, “Konsert valsı” əsərlərini fortepianoda, BMA-nın magistri Pərvin Nəsirli isə maestronun “Arzu”, Tofiq Quliyevin “Əziz surət” və “Sənə də qalmaz” əsərlərini ifa etdi.
Sonda mərasim iştirakçıları rejissor Nonna Müzəffərovanın maestro haqqında lentə aldığı "Rast. Niyazi" sənədli filmini izlədilər.
Lalə Azəri