Məşhur bəstəkar Raymond Pauls 80 yaşını Moskvada konsertlə qeyd etmək niyyətindərir

Latviyalı məşhur bəstəkar, pianoçu, dirijor, SSRİ Xalq artisti Raymond Pauls 80 illik yubileyini Moskvada yaradıcılıq gecəsi ilə qeyd etməyi planlaşdırır.
Yubiley gecəsinin gələn il fevral ayında “Krokus Siti Holl” konsert salonunda keçirilə biləcəyini vurğulayan bəstəkar deyib: “Hələlik yalnız bir konsert planlaşdırılıb. Başqa konsertlər barədə təkliflərdən imtina etmişəm. Xatirələr gecəsi təşkil etmək üçün Rusiya estradasının bütün “dinozavrlarını” - Alla Puqaçova, Layma Vaykule, Valeri Leontev və başqa artistləri bir yerə toplamaq istəyirəm. Biz müasir repertuara aid nə isə təqdim edə bilmərik. Buna görə də vaxtilə ifa etdiyimiz köhnə mahnılar səslənəcək”.
Raymond Pauls 1936-cı il yanvarın 12-də Riqada anadan olub. Musiqi təhsilini Latviya Dövlət Konservatoriyasında alıb. O, çoxsaylı estrada hitlərinin, kinofilmlərə melodiyaların müəllifidir. Onun mahnılarını Alla Puqaçova, Valeri Leontev, Sofiya Rotaru, Layma Vaykule, Larisa Dolina, Edita Pyexa, Kristina Orbakayte, Anne Veski ifa edib. Bəstəkar özünün ən məşhur mahnılarını İlya Reznik, Robert Rojdestvenski və Yanis Petersin sözlərinə yazıb. Pauls həm də gənc populyar musiqi ifaçılarının “Yurmala” ümumittifaq müsabiqəsinin, daha sonra “Yeni dalğa” (“Novaə volna”) beynəlxalq festivalının təsisçilərindən biridir.
Bəstəkar siyasi həyatda da fəal iştirak edib. 1988-1993-ci illərdə Latviyanın mədəniyyət naziri, 1989-1991-ci illərdə SSRİ xalq deputatı, eləcə də dəfələrlə Latviya parlamentinin deputatı olub. 1999-cu ildə maestronun Latviya prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb, lakin o, öz namizədliyini geri götürüb. 2010-cu ildə Pauls siyasətdən uzaqlaşdığını bəyan edib.