Üzeyir Hacıbəyli festivalı müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirib

Sentyabrın 18-də Bakıda Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına start verildi.
Heydər Əliyev Sarayında keçirilən açılış mərasiminə və dahi bəstəkarın 130 illik yubiley gecəsinə qatılanlar əvvəlcə foyedə düzənlənən sərgi ilə tanış oldular. “Üzeyir Hacıbəyli-130” sərgisi Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi və Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunmuşdu.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Azərbaycan mədəniyyətinin, musiqisinin, mənəviyyatının formalaşmasında, xalqımızın dünyada tanıdılmasında böyük xidmətləri olan Üzeyir dühasının işığına toplaşanları salamladı, bu nurun əsrlər sonra da sənət tariximizi işıqlandıracağını dedi.
Həyatını Azərbaycan mədəniyyətinin, musiqi sənətinin inkişafına həsr etmiş bəstəkarın keçdiyi yola nəzər salan nazir müavini onun örnək yaradıcılıq nümunələrinin daim qürur mənbəyimiz olduğunu bildirdi. Qeyd olundu ki, bəstəkarın 130 illiyi münasibətilə geniş tədbirlər keçirilir və bu tədbirlər dahi musiqiçinin şərəfinə təşkil olunan ənənəvi beynəlxalq musiqi festivalı çərçivəsində sentyabrın 28-dək davam etdiriləcək.

Vurğulandı ki, Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 107 il bundan əvvəl tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlanıb. Biz fəxr edirik ki, qoca Şərqin opera tarixində ilk ad 22 yaşlı bəstəkar Üzeyir Hacıbəylinin ölməz ismidir. Üzeyir bəy Azərbaycanda elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında dayanıb, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı ola bilməsi üçün fədakarcasına çalışıb. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.
Üzeyir Hacıbəyli Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir şəxsiyyətdir. Onun irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün mənəvi sərvətdir. Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Dünyanın ən möhtəşəm teatrlarının səhnəsində bu əsərlər dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur. Çünki onun əsərləri milli olduğu qədər də bəşəridir.
Qeyd olundu ki, bəstəkarın irsi daim böyük sevgi ilə təbliğ olunur. 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına görkəmli musiqiçilər, bədii kollektivlər qatılır, gənc musiqiçilər öz yaradıcılıq imkanlarını nümayiş etdirir və getdikcə bu tədbir daha geniş miqyasda səs-səda doğurur.
Builki festival barədə məlumat verən nazir müavini musiqi bayramında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan musiqiçi və kollektivlərin iştirak etdiyini, sentyabrın 28-dək ümumilikdə 30-dan artıq tədbirin reallaşacağını dedi.


Sonra tədbir böyük bəstəkarın bənzərsiz musiqi nümunələrindən parçaların səsləndirilməsi ilə davam etdi. İlk olaraq səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında (bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayev) "Koroğlu" operasından uvertüra səsləndirildi. Gurultulu alqışlarla qarşılanan ifanın ardınca Azərbaycan Dövlət Xor Kapellası, Dövlət Rəqs Ansamblı, eləcə də Akademik Opera və Balet Teatrının balet truppası və solistləri, Dövlət Musiqili və Gənc Tamaşaçılar teatrlarının aktyorlarının ifasında bəstəkarın opera və operettalarından parçalar, müxtəlif felyetonları əsasında səhnələr nümayiş olundu.
Tanınmış vokal ifaçıları Azər Zeynalov, Samir Cəfərov, Ramil Qasımov, Afaq Abbasova, Zemfira İsmayılova, Nigar Şabanova və Elnur Zeynalovun ifasında bəstəkarın ölməz romansları bir daha böyük şövqlə səsləndirildi, sürəkli alqışlarla qarşılandı.

Həmidə Nizamiqızı