Sentyabrın 3-də, Belarus əlifbası günü ərəfəsində Minskdə “Həmahənglik: Skorinanın sözləri müasir dünyada” mövzusunda dəyirmi masa keçiriləcək.
Bu barədə məlumat verən “Zvyazda” nəşriyyat evinin baş redaktoru Aleksandr Karlyukeviç Belarus Milli Kitabxanasında keçiriləcək tədbirə Azərbaycan, Rusiya, Serbiya, Monteneqro, Ukrayna, Qazaxıstan - ümumilikdə 14 ölkədən yazıçıların qatılacağını deyib.
A.Karlyukeviç qeyd edib ki, ötən illər ərzində artıq ənənəyə çevrilmiş bu tədbirin iştirakçıları arasında səmimi dostluq və tərəfdaşlıq əlaqələri yaranıb.
“Polımya” jurnalının oxucuları Azərbaycan və Ukrayna ədəbiyyatşünaslarının klassik və müasir Belarus ədəbiyyatının ən yaxşı nümunələri haqqında əsərləri ilə tanış olacaqlar.
Belarus əlifbası günü hər il sentyabr ayının birinci bazar günü qeyd edilir. Bu il həmin bayram sentyabrın 4-də Roqaçyov şəhərində qeyd olunacaq.