Azərbaycan Milli Konservatoriyasının müəllimləri, əməkdar artistlər Malik Mansurov (tar) və Elşən Mansurov (kamança) Parisdə keçirilən “İpək və Alov” musiqi festivalında ölkəmizi təmsil ediblər.
Milli Konservatoriyadan bildiriblər ki, E.Mansurov və M.Mansurovun ifasında bəstəkar Hacı Xanməmmədovun kamança üçün yazdığı konsertin birinci və ikinci hissələri səsləndirilib. Həmçinin, dirijor Əyyub Quliyevin təqdimatında bir sıra musiqi əsərləri də ifa olunub.
Festivalda tanınmış pianoçularımız Emil Əfrasiyab və Murad Hüseynovun ifaları da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Theatre des Champs Elysees” konsert salonunda baş tutan festivalda “Lamuğö” orkestrinin bədii rəhbəri Pyer Tilua da çıxış edib.
Qeyd edək ki, Pyer Tiluanın Azərbaycanla sıx əlaqələri var. O, ölkəmizlə bağlı “Yanar dağ” və Xocalı soyqırımına həsr etdiyi “Khodjaly 613” musiqi əsərlərinin müəllifidir.
İsraildə Qüds şəhərində keçirilən beynəlxalq musiqi festivalında da Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müdiri Malik Mansurov (tar) və konservatoriyanın müəllimi Bəyimxanım Vəliyeva (xanəndə) ölkəmizi təmsil ediblər. Müxtəlif ölkələrin qatıldığı “Jerusalem Sacred Music” adlı musiqi festivalında təmsilçilərimizin ifasında zəngin musiqi proqramı təqdim olunub. Konsert maraqla qarşılanıb.
Festivalda İsrail bəstəkarları Peres Eliyahu və Mark Eliyahunun musiqi əsərləri ilə yanaşı, azərbaycanlı bəstəkarların da musiqiləri səsləndirilib. Bir neçə gün Yerusəlim İncəsənət Məktəbində ustad dərsləri keçən sənətkarların ifasında xalq mahnıları və təsniflər təqdim olunub.