Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən 25 oktyabr - 3 noyabr tarixlərində Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək. Ənənəvi festivalda bu dəfə də dünyanın məşhur caz musiqisi ifaçılarının iştirakı ilə rəngarəng konsert proqramları nəzərdə tutulub.

Festivala ABŞ, Kanada, Fransa, Almaniya, Hollandiya, Rusiya və Ukraynadan musiqiçilər qatılacaqlar.
Festivalın açılışı 25 oktyabrda Heydər Əliyev Sarayında olacaq. Açılış konsertində Diana Krall (Kanada) çıxış edəcək.
27 oktyabr tarixində Heydər Əliyev Sarayında bu il 25 yaşını qeyd edən, caz tarixində ən parlaq qruplardan biri hesab olunan əfsanəvi “Four Play” kvartetinin konserti olacaq. Qrupun hər bir nümayəndəsi özlüyündə əsl caz korifeyidir. Kvartetin ilk albomu (1991) 1 milyon tirajla satılıb, növbəti albomları dəfələrlə “Grammy” mükafatını almaq üçün irəli sürülüb və “Qızıl disk” qazanıb.
Festival çərçivəsində Heydər Əliyev Sarayında daha bir konsert 30 oktyabrda 60-cı illərin ulduzu, saksofon ifaçısı Çarlz Lloydun iştirakı ilə keçiriləcək. İfaçı yaşına baxmayaraq, hələ də caz sahəsində aktiv axtarışdadır. 1966-cı ildə “Monterey Jazz Festival”ı zamanı canlı olaraq qeydə alınan albom 1 milyondan artıq tirajla satılan albomlar sırasına daxil edilib. Onu da xatırladaq ki, Çarlz Lloyd “soyuq müharibə” zamanı SSRİ-də çıxış edən ilk amerikalı ifaçı olub.
Festival günlərində Kamerun əsilli Niderland musiqiçisi Ntjam Rosie, Azərbaycandan Salman Qəmbərov, Cəmil Əmirov, Emil Əfrasiyab, İsfar Sarabski öz qrupları ilə caz həvəskarlarına maraqlı konsert proqramları təqdim edəcəklər. Konsertlər Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında, R.Behbudov adına Mahnı Teatrında və Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.