Gəncənin “Göygöl” mahnı və rəqs ansamblı Beynəlxalq Muğam Mərkəzində geniş konsert proqramı ilə çıxış edib. Konsert Xan Şuşinski Fondunun dəstəyi və təşkilatçılığı ilə gerçəkləşib.
Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, musiqi axşamı Xalq artisti, tarzən Fikrət Verdiyevin bədii rəhbərliyi ilə baş tutub.
Konsertdə Əməkdar artist Sevinc Sarıyeva, gənc xanəndə Ehtiram Hüseynov, solistlər Mehparə Cəfərova, Kamilə Nəbiyeva və başqaları çıxış ediblər.
Gecədə solistlərin ifasında bir sıra xalq və bəstəkar mahnıları, muğamlar və təsniflər səsləndirilib.