Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənddəki "İstiqlol nuri" nəşriyyatında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə"si özbək dilində çap edilib.
Kitaba dahi şairin beş əsəri - “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemaları daxildir. Nəşr Azərbaycanın və Özbəkistanın dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr edilib.
Kitabı orijinaldan Olimcan Buriyev tərcümə edib. Nəşrin redaktoru və “ön söz”ün müəllifi akademik Aziz Kayumovdur. “Ön söz”də qeyd edilir ki, Azərbaycanın qədim Gəncə şəhərində anadan olan dahi şair Nizami Gəncəvi öz qüdrəti ilə nəinki Azərbaycanda, Şərqdə və Qərbdə də nəhəng söz ustadına çevrilib və onun yaratdığı beşlik dünya ədəbiyyatının inciləri sırasına daxil olub.
Qeyd edilib ki, Nizami Gəncəvi yaradıcılığı Özbəkistanda da hər zaman yüksək qiymətləndirilir. 1947-ci ildən Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti fəaliyyət göstərir, təhsil ocağının qarşısında böyük şairin abidəsi ucaldılıb. Universitetdə AMM-in layihəsi ilə Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi fəaliyyət göstərir.
Kitab Özbəkistanın elm və tədris müəssisələrinə, kitabxanalara paylanılacaq.