Noyabrın 23-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiqisi zalında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarı yubileyi münasibətilə təbrik edib. Yubilyara nazir Əbülfəs Qarayevin adından xatirə hədiyyəsi təqdim edilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Ruhəngiz Qasımovanın yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun Azərbaycan musiqi xəzinəsinə bəxş etdiyi sənət incilərindən danışıb.
Sonra Ruhəngiz Qasımovanın əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Gecədə yubilyarın bəstələri xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov və digər tanınmış və gənc ifaçılar tərəfindən səsləndirilib.
Ruhəngiz Qasımova populyar mahnılar, teatr və televiziya tamaşalarına, filmlərə (“Möcüzələr adası”, “Asif, Vasif, Ağasif”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb. “Qonşu qonşu olsa...”, “Yollar görüşəndə” televiziya tamaşalarının ssenari və musiqi müəllifidir.