Rizvan Sədirxanov: “24 saatlıq zaman sanki bir melodiyadır və o hər məqamda beynimdə, ruhumda səslənir...”
Onunla ilk görüşümüz təxminən 5 il öncəyə təsadüf edir. Yüksək mədəniyyət və musiqi zövqü, vətən sevgisi və sənət təəssübkeşliyi ilk söhbətdən məni valeh etmişdi.
Uzunmüddətli yaradıcılığında klassika ilə müasirliyi vəhdətdə təqdim edən, dünyanın məşhur sənət məkanlarında musiqinin sirlərini ustadlardan öyrənən və əxz etdiklərini başqaları ilə bölüşməkdən yorulmayan bəstəkar həm də səmimi müsahibdir. Beləliklə, həmsöhbətimiz istedadlı bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi, populyar mahnıların müəllifi Rizvan Sədirxanovdur.
Sənətkarın evində baş tutan söhbətə son zamanlar yaradıcılığındakı yeniliklərlə körpü saldıq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki yeni musiqi albomunun işıq üzü gördüyünü dedi: “Səmimi qəlbdən” və “Şairin ürəyi” adlı disklərdə dünya klassik musiqisinin inciləri, eləcə də Azərbaycan və xarici ölkə şairlərinin sözlərinə bəstələnmiş müxtəlif dillərdə mahnılarım toplanıb. Bundan başqa, Rusiyanın tanınmış şairlərindən Andrey Dementyevin sözlərinə yazılmış musiqilərdən ibarət “Sevginin doğum günü” adlı albomda mənim də üç mahnım yer alıb. Onu da deyim ki, Rusiyanın populyar “Respublika” qrupunun ifa etdiyi bu mahnılar çox məşhurdur”.
Son bir ildə Kreml Sarayında 4 konsert proqramı ilə çıxış edən bəstəkar-ifaçı deyir ki, böyük layihələrim, konsert və irimiqyaslı digər musiqi tədbirlərində çıxışlarım, konsertlərim, disklərimin işıq üzü görməsi daha çox Rusiyada, İtaliyada, Türkiyə və İsraildə reallaşır. Bir sözlə, ölkəmizdən kənarda musiqi sənətimizin layiqli nümayəndəsi kimi tanınır.
Həmsöhbətim klassik janrda nümunələrə kütləvi marağın olmadığını və bu sahədə çalışan bəstəkarların daha çox təbliğ edilməsinin vacibliyini diqqətə çatdırdı: “Bilirsiniz, mən bu mövzuda nə kimlərisə qınamağın, nə də umu-küsülü danışmağın tərəfdarıyam. Çünki bu, bir zövq məsələsidir və peşəkar insan populyarlıq üçün həmin o səthi zövqün arxasınca qaçmamalıdır. Bir məqam xüsusilə məni narahat edir. Hər bir yaradıcı insan istəyir ki, əsərləri ilk olaraq doğma insanlarına, vətən övladlarının zövqünə xitab etsin. Klassik musiqiyə münasibətə gəlincə, bu bir az təbliğata söykənən məqamdır. Bu gün təbliğat dedikdə ilk olaraq televiziya düşünülür. Deməli, klassik musiqi, onun nümayəndələri təbliğ olunmalıdır. Götürək elə qonşu Rusiyanı. Baxın, mən oturmuşam burada, öz evimdə. Bir də görürsən evdə olduğun müddətdə təşkilatçılar əlaqə saxlayıb konsertimin təşkili üçün danışıqlar aparırlar. Deməli, həmin musiqiyə orada tələbat var”.
Bəstəkarın fikrincə, yaxşı mahnı dedikdə musiqi ilə yanaşı, mətn də mühüm əhəmiyyət kəsb edir: “Mənim üçün bu mənada şeir çox vacibdir. Ona görə də mətni seçərkən çox ehtiyatla yanaşıram”.
Söhbətimizdə yaradıcı proses, musiqinin ərsəyə gəlməsi məqamlarına da toxunduq: “Musiqi hər zaman mənim ətrafımdadır. Bütün həyatım musiqidir. Təsəvvür edin ki, 24 saatlıq zaman sanki bir melodiyadır və o hər məqamda mənim beynimdə, ruhumda səslənir. Bax o səslənmənin nota köçürülməsi də zamana tabe deyil. Mən sübhdən də durub piano arxasına keçə bilərəm, gecə yarısı da. Bu özü məni çox xoşbəxt edir. Hər musiqidə, hər mahnıda sanki yenidən doğuluram”.
Ta uşaqlığından musiqinin içində olan və ruhunda səslənən melodiyaların ardına düşərək həyatını bu sənətə bağlayan Rizvan müəllim dünyaya bəstələmək üçün gəldiyini deyir: “Yaradıcı təxəyyülümün musiqidə təzahürü, daxili azadlığımın bu formada nümayişi mənim səadətimdir. Çünki bir insanın yaratdığı başqalarına zövq verirsə, onun daxili dünyası ilə ətrafdakılar, lap elə min kilometrlərlə uzaqda olan insanlar ruh birliyi yaşayırsa, bu ən böyük mükafatdır”.
Bəstəkar əsərlərinin müxtəlif ölkələrin məşhur müğənniləri tərəfindən ifa olunmasının ona daha böyük yaradıcılıq əzmkarlığı verdiyini deyir: “Çünki yaradıcılıq məhsulu böyük auditoriya üçündür və o özünün mütləq dinləyicisini tapır. Burada məkan və ya zaman amili bəzən elə də önəm kəsb etmir. Çünki bu günün musiqisi illər sonra da həqiqi dəyərini ala bilər. Əsas odur ki, yaranan nümunə sənət adına olsun. Gərək hər yaşa və zövqə xitab edə biləsən”.
Bir çox janrlara müraciət edən müsahibim mahnı yaradıcılığını bəstəkarlığın vacib qollarından sayır: “Hər janrda musiqi yazıram. Mahnı yaradıcılığına barmaqarası baxmaq olmaz. Çünki 3-5 dəqiqəlik musiqidə sən bir bitkin fikri ortaya qoymalısan. Gəlin, diqqət edək, dünya və milli bəstəkarlıq məktəbinin ən məşhur bəstəkarları irihəcmli musiqi əsərləri ilə yanaşı, mahnılara da üstünlük verib, bu janrda xeyli nümunələr yaradıblar”.
Rizvan müəllim gələcəyin musiqi üfüqünün aydın olduğunu, istedadlı musiqiçilərin yetişdiyini və Azərbaycan klassik musiqisinin yeni renessans dövrünü yaşayacağını dedi: “İstedadlı gənclərimiz kifayət qədərdir və dövlətimiz, Mədəniyyət və Turizm Nazirliyi həmin zəka sahiblərinin ölkə hüdudlarından kənarda təhsildən festival və müsabiqələrdə iştirakadək, hətta alətlərlə təminatına qədər hər mənada dəstək olur. Düşünürəm ki, bu özünün ən gözəl nəticəsini qısa müddətdə verəcək”.
Söhbətin bu məqamında bəstəkar tələbələrinin uğurlarından da məmnunluqla söz açır: “Mənim və digər musiqiçi həmkarlarımın yetişdirdiyi tələbələrin sorağı dünyanın məşhur sənət akademiyaları və opera səhnələrindən gəlirsə, deməli, mütləq bu parlaq zaman yetişəcək. Tələbələrimdən Lalə Mürşüdlü, Mərziyə Hüseynova, müəyyən istiqamət verdiyim gənclərdən Cavid Səmədov, Əvəz Abdullayev və Azər Rzazadəni xüsusi vurğulamaq istərdim. Onlar dünyanın ən məşhur klassik musiqi təhsili ocaqlarında dərs alıb, opera səhnələrində çıxışlar edirlər. Bütün bunlar Azərbaycan musiqisinin uğurudur”.
Klassik musiqi, vokal, opera və balet musiqisini dərindən mənimsəyən sənətkarın xarici ölkələrdən də xeyli tələbəsi var. Bəstəkarlıqla yanaşı, ifaçılıqla da məşğul olan Rizvan müəllim çıxış etdiyi son bir neçə konsert proqramından söz açdı: “Oktyabrın 31-də Moskvada, onun ardınca Tver şəhərinin “Şairlər evi” adlı konsert salonunda da çıxış etdim. Gözlənilməz təklif çox xoş oldu və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı”.
Həmsöhbətim sonda tamaşaçılara bir konsert sorağını da verdi, bakılı musiqisevərləri yaxın zamanlarda öz ətrafına toplayacağını dedi.
Maraqlı söhbətimizin ardınca yenidən piano arxasına keçən Rizvan müəllim yeni musiqilərindən və mahnılarından parçalar səsləndirdi. Bu ifalar müsahibəmizə ayrı bir rəng qatdı...
Həmidə Nizamiqızı