Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev Moskvaya qastrol səfərinə dəvət olunub.
30 noyabr - 7 dekabr tarixini əhatə edən səfərdə dirijor Rusiyanın “Kultura” kanalının keçirdiyi gənc musiqiçilərin “Şelkunçik” beynəlxalq telemüsabiqəsinin açılış və bağlanış mərasimində Rusiya Milli Simfonik Orkestrini idarə edəcək.
Müsabiqə 2000-ci ildən gənc akademik musiqi ifaçıları arasında keçirilən populyar musiqi tədbirlərindən biridir. Müsabiqədə musiqiçilər üç kateqoriya - skripka, fortepiano, zərb və nəfəs alətləri üzrə yarışacaqlar. Bu il müsabiqədə Böyük Britaniya, Avstriya, ABŞ, Kanada, Yaponiya, Çin, Norveç, Çexiya, Polşa və s. ölkələrdən gənc musiqiçilər iştirak edir.