Dekabrın 21-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti, sənətşünaslıq doktoru, professor, Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və bədii rəhbəri Məcnun Kərimovun (1945-2013) anadan olmasının 70 illiyinə həsr edilən tədbir keçirildi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq Məcnun Kərimovla 25 il sıx əməkdaşlıq etdiklərini dedi. Bildirdi ki, o, sənətinə məhəbbəti, işinə məsuliyyəti ilə seçilirdi. Həmkarlarına qarşı çox həssaslıq göstərirdi. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.
Muzeyin şöbə müdiri Təranə Zeynalova sənətkarın həyat və fəaliyyətindən danışdı. Qeyd olundu ki, Məcnun Təbriz oğlu Kərimov 1945-ci ildə Zəngəzur mahalında dünyaya göz açıb. Ağdam orta ixtisas musiqi məktəbini bitirib. Bir müddət Zəngilanda uşaq musiqi məktəbinin direktoru işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsindən məzun olub. Həmin dövrdən qədim musiqi alətlərinin öyrənilməsi və bərpası istiqamətində elmi tədqiqat işləri aparıb. 1975-ci ildə ilk qədim musiqi alətinin nümunəsini hazırlayıb. Unudulmuş 11 musiqi alətini (çəng, bərbət, çəqanə, çoğur, tənbir, səntur, rubab, rud, qopuz, ney, nüshə) bərpa edib.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova qeyd etdi ki, Məcnun Kərimovun hazırladığı musiqi alətləri dəfələrlə Azərbaycandan kənarda, o cümlədən Moskvada Şərq Xalqları Muzeyində sərgilənərək mütəxəssislərin yüksək rəyini almışdı. Onun adı, xatirəsi bərpa etdiyi musiqi alətlərində yaşayacaq.
AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva bildirdi ki, Məcnun müəllimin ən böyük arzularından biri o idi ki, bu qədim musiqi alətləri yalnız muzey eksponatları kimi sərgilənməsin. Həm də ansambl şəklində səsləndirilsin. Onun bu istəyi reallaşdı və 1996-cı ildə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə Qədim Musiqi Alətləri Ansamblına dövlət statusu verildi. Həmin ildən ansambl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir.
Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən musiqi alətlərinin bərpası laboratoriyasının müdiri Maya Qafarlı, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov və başqaları mərhum sənətkarın musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışdılar.
Məcnun Kərimovun ailəsi adından çıxış edən həyat yoldaşı Hüsniyyə Kərimova tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.
Çıxışlardan sonra söz musiqiyə verildi. Əməkdar artist Munis Şərifovun rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “Qaragilə” və digər mahnılar səsləndirildi.
Savalan Fərəcov