Tarixi abidələr, parklar, teatr binaları, muzeylər, kitabxanalar və digər mədəniyyət obyektlərinin təmiri və bərpası, bu istiqamətdə həyata keçirilən islahatlar, ömrünü mədəniyyətin inkişafına həsr etmiş insanların əməyinin qiymətləndirilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı prezident İ.Əliyevin imzaladığı fərman və sərəncamlar bütövlükdə mədəniyyət sahəsində canlanma əmələ gətirib.
Müsahibimizin - Göygöl rayon Mədəniyyət və turizim şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın söhbəti də rəhbərlik etdiyi strukturun işi barədədir:
- Bizim şöbənin ərzində 48 kitabxana, 2 muzey, 30 klub və mədəniyyət evi, mədəniyyət və istirahət parkı, 1 musiqi məktəbi fəaliyyət göstərir. Son illər sürət götürən tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı, rayonumuzdakı əksər mədəniyyət ocaqları və tarixi abidələr də müasir tələblərə uyğun təmir olunub.
Rayonumuzun mədəniyyət müəssisələrində Qanlı 20 Yanvar, Xocalı faciəsi, 31 mart - Azərbaycanlıların Soyqırımı Günləri müxtəlif anım tədbirləri ilə yad edilir. Ulu öndərimizin anadan olmasının 85 illik yubileyi, 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə bütün mədəniyyət ocaqlarında fotostendlər hazırlanıb, görüşlər, konfranslar, mədəni-kütləvi tədbirlər keçirilib. Bütün tarixi günlər və əlamətdar hadisələrlə bağlı keçirilən tədbirlərlə yanaşı, dövlətimizin mədəniyyət sahəsində qarşıya qoyduğu digər vəzifələri də layiqincə yerinə yetiririk.
Bildiyimiz kimi, Göygölün (Xanlar) əsası 1814-cü ildə almanlar tərəfindən qoyulub. Onlar burada 5 kücə salıblar. Küçələr boyu bumbuz suyu olan arxlar çəkilib. Alman arxitekturalı binalar bura qədəm basan hər kəsin diqqətini cəlb edir. Rayon mərkəzində ən iri tikili XIX əsrdə inşa edilmiş lüteran kilsəsidir. Kilsə Almaniya-Azərbaycan Texniki Əlaqələr Cəmiyyətinin maliyyə dəstəyi ilə əsaslı təmir olunub. Təhsil Nazirliyinin balansında olan bizim şöbəyə verilib. Burda tarix-diyarşünaslıq muzeyi acmaq istəyirik. Onu da deyim ki, almanlar gəlməmişdən cox-cox əvvəllər - hardasa orta əsrlərdə Göygöl rayon mərkəzinin indiki yerində Xanlıqlar kəndi mövcud olub. Onlar şəhəri Xanlıqların xarabalıqları üzərində salıblar. Almanların gəlişi ilə Göygöldə üzümçülük, şərabçılıq inkişaf etməyə başlayıb. Onların istehsal etdiyi şərabları xarici bazarlarda böyük həvəslə alırdılar. O dövrün şərab zavodunu tarixi abidə kimi qoruyub saxlayırıq və bu obyekt də bir çox qədim tikililər kimi turizm xəritəsinə salınıb. Göygöldə almanların inşa etdiyi 365 tikili var ki, onların hamısı tarixi abidə kimi qeydə alınıb və qorunur. Almaniya, İsveçrə, Danimarka və Azərbaycanda fəaliyyət göstərən digər xarici ölkə səfirliklərinin nümayəndələri tez-tez rayonumuzun qonağı olurlar. Göygölə üz tutan turistlərin sayı ildən-ilə artır. Bu da təbii ki, biz mədəniyyət işçilərini daha da məsuliyyətlə işləməyə sövq edir.
Vəli