Qarabağ muğam məktəbi ənənələrini yaşadan, bənzərsiz ifası ilə şöhrəti yaxın-uzaq ellərə yayılan xanəndələrdən biri də Məhəmmədqulu Şuşinski olub. O, xüsusilə “Şüştər” və “Bayatı-kürd” muğamlarının mahir ifaçısı kimi tanınıb.

Məhəmmədqulu Şuşinski 1874-cü ildə Şuşada dünyaya göz açıb. Ata-babası kimi özü də dabbağlıqla məşğul olduğundan Şuşada onu “Dabbağ Məhəmmədqulu” deyə çağırırdılar. O, ibtidai təhsilini Molla Əli Qarabağinin (Kor Xəlifə) hücrəsində alır. Sonra atasının məsləhəti ilə Mir Möhsün Nəvvabın məktəbində təhsilini davam etdirir. Burada üç il muğam ifaçılığını öyrənir, 19 yaşından Qarabağın musiqi məclislərində yaxından iştirak edir. Onun xanəndə kimi püxtələşməsində məşhur müğənni Şahsənəm oğlu İsmayılın böyük köməyi olur. Müəlliminin çəkdiyi zəhmət hədər getmir. Məhəmmədqulu ürəklərə yol açan məlahətli səsi ilə geniş xalq kütlələrinin rəğbətini qazanır. O, zəhmətkeş ailədən çıxdığına görə şəhər yoxsullarının, xüsusilə sənətkarların məclislərində tez-tez çıxış edir. Həmişə də xalqın arzu və istəyini, mübarizəsini tərənnüm edən şeirlər, qoşmalar oxuyur. Eyni zamanda dabbağlığı da unutmur.
Mənbələrdə qeyd olunur ki, o zamanlar Şuşanın küçə və meydançalarında həyat qaynayırmış. Burada tez-tez İran və rus tacirlərinə, Dərbənd, Tiflis, Aşqabad alverçilərinə, Təbrizdən qaçaq mal gətirənlərə, Bakıdan gələn tuluxçulara (neft satanlara) rast gəlinirdi. Onlar “Qapan dibi”ndə öz mallarını satdıqdan sonra buradan məşhur Qarabağ atları, ipək, “axtarma” motal, xalı-gəbə və s. mallar alıb öz ölkələrinə aparırdılar. Gündüzün gərgin alverindən sonra axşamtərəfi şənlik məclisləri qurular, sazəndələr sakinlərin əhval-ruhiyyəsini yüksəldərdilər. Gənc Məhəmmədqulu, qarmonçu İsi bəylə hər axşam buraya yığışan qonaqları çalıb-çağırmaqla əyləndirərdilər. Gecədən xeyli keçəndə Məhəmmədqulu “Qarabağ şikəstəsi” üstündə bayatılar oxuyarmış:

Qarabağda talan var,
Zülfün üzə salan var.
Heç demirsən, tez qayıt,
Gözü yolda qalan var...

Deyilənə görə, Məhəmmədqulu “Qarabağ şikəstəsi”ni oxuyanda onun zil və qaltanlı səsi “Qaya başı”nda, “Cıdır düzü”ndə eşidilərdi. Onu dinləmək üçün ətraf məhəllələrin sakinləri “Qapan dibi”nə toplaşar və gecədən xeyli keçmiş evlərinə dönərmişlər.
Musiqişünas Firidun Şuşinski araşdırmasında yazır: “Məhəmmədqulunun bir xanəndə kimi püxtələşməsində Malıbəyli Həmidin xidmətləri çox olub. O, kamil xanəndə, həm də gözəl tarzən olduğu üçün gənc xanəndənin nəğməkarlıq istiqamətini çox düzgün müəyyənləşdirir. Onun qayğısı və sənət dostluğu nəticəsində gənc Məhəmmədqulu Gəncə, Şirvan və Tiflis məclislərində tanınıb. Şübhəsiz ki, Məhəmmədqulunun klassik Şərq muğamlarını kamil bilməsi bir xanəndə kimi ifaçılıq sənətinin qanunlarına riayət etməsi, həm də onun qədim Azərbaycan təsnif və mahnılarını son dərəcə incə bir tonda oxuması ustad tarzəni də ruhlandırıb”.
Xanəndə bütün muğamları bəmdə və zildə sərbəst, həm də böyük şövqlə oxuyub. Məşhur müğənni Musa Şuşinski xatirələrində yazır: “Dayım muğamata dərindən bələd olmaqla “Şüştər” ilə “Bayatı-kürdü” xüsusi bir məharətlə oxuyardı. Onun “Hasar-müxalif”də vurduğu çətin zəngulələr istər-istəməz bizim böyük xanəndəmiz Əbdülbaqi Bülbülcanın guşə və xallarını yada salardı”.
Ə.Bülbülcan Tiflis məclislərinin birində Məhəmmədqulu ilə görüşür. Səsinin sorağını eşitdiyini bildirir, onunla görüşündən məmnun qaldığını deyir. O, bir neçə il Tiflisdə dəvət olunduğu məclislərə Məhəmmədqulunu da özü ilə aparır. Uzun müddət Tiflisdə yaşayıb gürcü, avar, ləzgi ellərində məclislər yola verən ifaçı doğulduğu Şuşanın həsrətinə dözə bilmir. “Yurd hissi itərsə, qürbət vətən olar”, deyərək 1905-ci ildə Şuşaya qayıdır.
Məhəmmədqulu Şəkili Ələsgər, Keçəçioğlu Məhəmməd, İslam Abdullayev və Seyid Şuşinski ilə birlikdə “Ekstrafon” aksioner şirkəti tərəfindən Kiyev şəhərinə dəvət olunur. Burada o, “Bayatı-kürd”, “Zabul-segah”, “Kürdü-Şahnaz”, “Qatar”, “Hasar”, “Müxalif”, “Qarabağ şikəstəsi”, “Heyratı” muğamlarını və məharətlə oxuduğu “Axşam oldu” təsnifini qrammofon vala yazdırır.
Görkəmli xanəndə 1929-cu ilin mart ayında 55 yaşında Şuşada vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar