TÜRKSOY-un təşəbbüsü ilə yaradılan xalq çalğı alətləri orkestri konsert proqramı təqdim etdi

İyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında türk dünyası incəsənət ustalarının konserti keçirildi. Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un dəstəyi ilə baş tutan konsert proqramı Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın müstəqillik əldə etməsinin 25 illiyinə həsr olunmuşdu.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizdə akkreditə olunan xarici ölkələrin diplomatik missiyalarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, diaspor icmalarının nümayəndələri iştirak edirdilər.
Konsertdən öncə tədbir iştirakçıları filarmoniyanın foyesində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın milli tətbiqi sənət nümunələrinin sərgisi ilə tanış oldular.
Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan dövlətinin ümumi tarixi köklərlə bir-birinə bağlı olan qardaş türk dövlətləri ilə hər zaman mədəni əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırdı. Nazir bugünkü konsertin türk xalqlarının möhkəm dostluğunu bir daha nümayiş etdirdiyini vurğuladı. Qeyd etdi ki, bu il Azərbaycanın Şəki şəhəri TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. İl ərzində layihəyə uyğun olaraq Şəki şəhərində tədbirlər davam etdiriləcək. 27 iyun - 1 iyul tarixlərində keçirilən VII “İpək yolu” Beynəlxalq Musiqi Festivalı da “Türk dünyasının mədəniyyət paytaxtı” ili tədbirlərinə rəng qatacaq.
Nazir vurğuladı ki, TÜRKSOY-un təşəbbüsü ilə yaradılan xalq çalğı alətləri orkestri də builki festivalın iştirakçısıdır: “Biz qərara gəldik ki, türk dünyası sənət ustalarının konserti Şəki ilə yanaşı, Bakıda da keçirilsin”.
Əbülfəs Qarayev diqqətə çatdırdı ki, türk dünyası sənət ustalarının konsertinin ölkəmizdə keçirilməsi türk xalqları arasında mədəni əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcək.
Nazir qeyd etdi ki, son illər TÜRKSOY çərçivəsində mədəni mübadilənin gücləndirilməsi üçün mühüm addımlar atılır: “Təşkilat türk dünyasının tanınmış alim, yazıçı, şair, və bəstəkarlarının yubileylərinin keçirilməsi ilə yanaşı, birgə layihələrin icrasını da həyata keçirir. Həmçinin türk dünyası ədiblərinin, bəstəkarlarının əsərləri səhnələşdirilərək nümayiş olunur. Bunların sırasında Üzeyir Hacıbəylinin İstanbulda və Ankarada tamaşaya qoyulan “Koroğlu” və “Leyli və Məcnun” operalarının adlarını qeyd etmək istərdim. Eyni zamanda Azərbaycanda da digər türk dövlətlərinin mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş tədbirlər keçirilir”.
Əbülfəs Qarayev təntənəli tədbirin təşkilinə yardım etdiyi üçün TÜRKSOY-a öz təşəkkürünü bildirdi.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov qeyd etdi ki, təmsil etdiyi qurum Azərbaycan ilə əməkdaşlığa yüksək qiymət verir. Düsen Kaseinov Şəkidə “İpək yolu” Beynəlxalq Musiqi Festivalının açılış günündə 2016-cı ildə yaradılan TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Bakıda ilk dəfə çıxış etdiyini diqqətə çatdırdı.
Sonra türkdilli ölkələrin təmsilçilərindən ibarət kollektiv konsert proqramı ilə çıxış etdi. Konsertdə solo hissələri Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin musiqiçiləri ifa etdilər. Babək Quliyev “Oxu, gözəl”, Murat Canizakov “Kız dansı”, Saylık Ommun “Kojay və Torqalıq”, Qarifa İgissinova və Səbinə Vahabzadə “Sarı gəlin” mahnılarını səsləndirdilər. Həmçinin qədim türk musiqilərindən ibarət popurri təqdim olundu.
Konsert proqramının dirijorları Ağaverdi Paşayev (Azərbaycan) və Marat Jalbirov (Qazaxıstan) idi.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar