Beynəlxalq musiqi festivalına bu gün yekun vurulacaq

Xəbər verdiyimiz kimi, iyunun 27-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkidə ənənəvi “İpək yolu” Beynəlxalq Musiqi Festivalına start verilib. 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” adını qazanmış Şəki bu sənət bayramına artıq yeddinci dəfədir ev sahibliyi edir.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivala “İpək yolu” coğrafiyasının müxtəlif ölkələrindən Yaponiya, Monqolustan, Qazaxıstan, İran, Türkiyə və Rusiyadan musiqi və rəqs kollektivləri, sənətçilər gəlib. Festivalın ilk günü səhnəyə çıxan TÜRKSOY-un Xalq çalğı alətləri orkestri - 11 türkdilli ölkənin ifaçılarından ibarət kollektiv sənət şöləninə xüsusi rəng qatıb. Növbəti proqramı təqdim edən Türkiyənin “Şimdi” ansamblının ifasında Anadolu sufi musiqi ənənəsi nümunələri böyük maraqla qarşılanıb.

Anadolunun xalq mahnı və rəqsləri

Festivalın ikinci günü Şəki tamaşaçıları və qonaqlar Türkiyənin daha bir musiqi kollektivinin çıxışını izləyiblər. Yay teatrının səhnəsinə İstanbul Böyükşəhər Bələdiyyəsinin Anadolu Türk Xalq Mahnı və Rəqs Ansamblı çıxıb.
Konsertin əvvəlində kollektivin festivalda iştirakını təşkil edən “Türk Ocaqları” Dərnəyi İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram çıxış edərək, təşkilatın və ansamblın fəaliyyəti barədə qısa məlumat verib. Diqqətə çatdırılıb ki, “Türk Ocaqları” 1912-ci ildə Osmanlı dövlətinin o zamankı böyük dövlətlərlə iqtisadi və mədəni əlaqələrinin, eləcə də türk millətinin yüksəlməsi, türkdilli xalqların yaxınlaşması nəticəsində yaranıb. Təşkilatın təsisçiləri arasında Azərbaycandan Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və başqalarının adlarına rast gəlmək olar. Bildirilib ki, “Türk Ocaqları” bir təşkilat kimi bu gün də fəaliyyətini davam etdirir və türk dünyasında mədəni əlaqələrin inkişafına xidmət edir.
Diqqətə çatdırılıb ki, 1986-cı ildə bu dərnəyin nəzdində Türk Xalq Musiqisi İcması, sonralar isə İstanbul Böyükşəhər Bələdiyyəsinin Orkestri və Anadolu Yuva İcması yaradılıb. Hər iki təşkilat Türkiyənin mədəni həyatında, türkdilli xalqların mədəni əlaqələrinin qurulmasında, etnik musiqi festivallarının, maarifləndirici konsertlərin, sərgilərin təşkilində, həmçinin müxtəlif təqdimat mərasimlərində, ənənəvi folklor bayramlarında fəal iştirak edir.
“İpək yolu” Beynəlxalq musiqi festivalında ilk dəfə iştirak edən ansamblın solistlərinin türk və Azərbaycan dillərində ifa etdikləri bəstəkar və xalq mahnıları, rəqs ansamblı üzvlərinin təqdim etdikləri şux və oynaq rəqslər Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

Şəki xanlarının sarayı qarşısında yapon musiqisi səslənib

İyunun 29-da gündüz Şəki xanları sarayının həyətində festivalın daha bir iştirakçısının - Yaponiyanın “Va-Liqa” ansamblının konserti olub. Konserti Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının, TÜRKSOY-un, Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmiləri, musiqisevərlər izləyiblər.
Əvvəlcə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi çıxış edərək Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Vurğulanıb ki, Azərbaycanın qədim tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayında yapon musiqiçilərinin konsertinin gerçəkləşməsi çox əlamətdardır.
Diqqətə çatdırılıb ki, “Va-Liqa” ansamblı Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Ansamblın 2014-cü və 2015-ci illərdə Bakı və İsmayıllı şəhərlərindəki konsertləri Azərbaycan tamaşaçıları tərəfindən yüksək qiymətləndirilib. Səfir iki ölkə arasında mədəni əlaqələrin musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Sonra “Va-Liqa” musiqi ansamblının üzvləri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Kollektivin üzvləri Hanavaçie, Omodaka Akiko, Yamada Miçiko və Kasai Hiroyukinin ənənəvi yapon musiqi alətləri olan tsuqaru şamisen, şinobue, vadaiko və zərb alətlərində təqdim etdikləri ifalar, həmçinin Azərbaycan muğamının ifa tərzinə bənzər Yaponiyanın minyo musiqisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsertin sonunda ansamblın üzvlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

Gəncə Dövlət Filarmoniyasının konserti

Festivalın üçüncü günündə axşam tamaşaçılara Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının və Kamera Orkestrinin konserti təqdim olunub.
Yay teatrında keçirilən konsertdən öncə iyunun 28-də İstanbulun Atatürk Hava Limanında dəhşətli terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diqqətə çatdırılıb ki, qardaş ölkədə baş vermiş faciə ilə əlaqədar bugünkü konsert bütünlüklə faciədə həlak olanların xatirəsinə həsr olunub. Konsertin proqramına yalnız lirik və vətənpərvərlik ruhunda mahnılar daxil edilib.
Festivalın dördüncü günü, iyunun 30-da günorta saatlarında Şəki xanları sarayının həyətində Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı keçirilib. Həmçinin “Zirvə” ansamblının konserti olub. Axşam saatlarında isə “Yuxarı Karvansaray” mehmanxana kompleksində musiqisevərlər qarşısında “Təbriz” instrumental ansamblı çıxış edib.
Şəkidə VII “İpək yolu” Beynəlxalq Musiqi Festivalı iyulun 1-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar