XVIII əsrin ortalarında Avropada emosional, əzəmətli barokko musiqisi önəmini yavaş-yavaş itirməyə başladı. Yeni musiqi formalarına meyl klassisizm cərəyanının yaranmasına gətirib çıxardı. O zaman Avropanın musiqi paytaxtı sayılan Vyananın zəngin bədii ənənələrindən yararlanmış Haydn, Motsart və Bethovenin yaradıcılığı klassisizmin ən parlaq təzahürü kimi ortaya çıxdı. Bu üç dahi sənətkar musiqi tarixinə “Vyana klassikləri” adı ilə daxil olub. Avropa musiqisinin ən nəhəng janrı simfoniya, sonata və kvartet bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə yüksəlib. Dünyaca məşhur Vyana Filarmoniya Orkestri də Haydn, Motsart və Bethovenin əsərlərində özünün sənət təsdiqini tapıb.
Orkestr 1842-ci ildə alman opera bəstəkarı və dirijoru Karl Otto Nikolay tərəfindən yaradılıb. Bu illər ərzində orkestrin bir çox məşhur dirijorları olub. 1847-1860-cı illərdə fəaliyyətində fasilələr olan orkestr 1860-cı ildə Karl Ekkertin dirijorluğundan sonra ardıcıl konsertlər verilməyə başlayır. Orkestrin ilk xarici konserti Parisdə 1898-1901-ci illərdə bəstəkar Qustav Malerin dirijorluğu dönəmində gerçəkləşib. 1933-cü ildən isə orkestrin konsertlərini dünyaca məşhur, kənardan dəvət edilən dirijorlar idarə edirlər.
Vyana Filarmoniya Orkestri hər il 90-a yaxın konsert verir. Orkestrin üzvləri Vyana Dövlət Operası Orkestrində üçillik sınaq müddəti keçmiş musiqiçilər arasından seçilir. Konsertlərin keçirildiyi məşhur “Altun salon”un əfsanəvi akustikası da orkestrin özünəməxsus səsinə ayrıca gözəllik qatır.
Tarixi boyu orkestri yalnız kişi dirijorlar idarə ediblər. 10 il öncə isə avstraliyalı Simone Young Vyana Filarmoniya Orkestrini idarə edən ilk qadın dirijor kimi adını tarixə yazıb.

S.Qaliboğlu