9-10 iyul tarixində Bakıda, Xəzər sahilindəki “Sea Breeze” hoteldə “İsti günlər” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festivalda Qriqori Leps, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Emin, Aleksey Vorobyov, Potap və Nastya, Svetlana Loboda, Yeva Polna, N"everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox məşhur ifaçılar iştirak edəcəklər. Festivala həmçinin Polad Bülbüloğlu, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli və başqaları qatılacaq.
Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar. “İsti günlər” festivalı elə planlaşdırılıb ki, aparıcılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar. Festival AzTV (canlı) və Rusiyanın “Birinci kanalı” ilə yayımlanacaq.
“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. “İsti günlər” festivalının ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur.
Festivalın təşkilatçısı Emin Ağalarov deyib: “Söz yox ki, çoxlu yay musiqi festivalları mövcuddur. Amma artıq sizi əmin edə bilərəm ki, bu festival musiqi həyatında həqiqətən əlamətdar hadisəyə çevriləcək. Mənə çox xoşdur ki, “İsti günlər” festivalı doğma Bakı şəhərimdə keçiriləcək. Dövlət səviyyəsində kömək olmadan bu miqyasda tədbiri təşkil etmək mümkün deyil. Mən göstərdikləri yüksək diqqətə və dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, habelə Leyla Əliyevaya şəxsən dərin təşəkkürümü bildirirəm. Öz tərəfimdən əmin etmək istəyirəm ki, festival ən yüksək standartlara uyğun təşkil ediləcək, Rusiyanın və Azərbaycanın mədəni həyatında möhtəşəm və əlamətdar hadisəyə çevriləcək”.