“Jara” Beynəlxalq Musiqi Festivalının hərarəti Rusiya kütləvi informasiya vasitələrinə də yayılıb

Xəbər verdiyimiz kimi, iyulun 9-10-da Bakıda Rusiyanın estrada ulduzlarının, Ukrayna və Qazaxıstandan tanınmış ifaçıların, eləcə də Azərbaycan musiqiçilərinin iştirakı ilə “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı keçirildi.

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində təşkil olunan festival nəinki Azərbaycan, eləcə də Rusiya üçün yaddaqalan mədəniyyət hadisəsinə çevrildi. Rusiya kütləvi informasiya vasitələrinin festivala göstərdiyi böyük maraq bunun göstəricisidir.
Festival öncəsi “Love Radio”nun internet səhifəsində belə bir yazı dərc edilmişdi: “Jara” musiqi festivalı: bütün ulduzlar Xəzər dənizinin sahilində”. Həqiqətən də, 500-dək qonağı olan festival çoxlu sayda nüfuzlu musiqiçilərin iştirakı ilə fərqləndi: Polad Bülbüloğlu, Qriqori Leps, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Emin, Aleksey Vorobyov, “MBAND”, Potap və Nastya dueti, Svetlana Loboda, Yeva Polna, Vlad Sokolovski, Yulianna Karaulova, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli və digər artistlər musiqisevərlərə gözəl anlar bəxş etdilər.
“Life.ru” saytı yazır ki, Rusiya məşhur ifaçıları qastrollarına və məzuniyyətlərinə ara verərək Bakıya gəldilər ki, çoxminli auditoriya qarşısında çıxış etsinlər.
“Hello, Rossiya” saytı isə festivalın çoxsaylı qonaqlarını “Bakıya ulduz desantı” adlandırmışdı.
Rusiyanın 70-dək KİV-i “Jara” festivalından danışdı. “Lifenews”, “Spletnik”, “Woman”, “7days”, “Starhit”, “Radio Dacha”, “Woman’s day”, “OK!”, “Peopletalk”, “Komsomolskaya pravda”, eləcə də sosial şəbəkələr hazırlıq işləri, məşqlər, ifalar, musiqiçilərin əyləncələri, müsahibələri, bir sözlə, festivalla bağlı bütün məsələləri böyük şövqlə, heyranlıqla ictimaiyyətə çatdırır, bir məqamı belə gözdən qaçırmır, çəkdikləri fotoları, süjetləri internetdə yerləşdirirdilər.
Festivala dair foto və maraqlı məlumatlar KİV-lərin və sosial şəbəkələrin əsas səhifələrini, sözün yaxşı mənasında, zəbt etdi. Məqalələrdə vurğulandı ki, bu festival əsl musiqi bayramına çevrilməklə həm iştirakçıların, həm də qonaqların yaddaşında uzun müddət qalacaq. Bakıdakı xoş mühit, iqlim, dəniz, mətbəx, yüksək şərait festivalı yaddaqalan və unudulmaz etdi.
Festival eyni zamanda 2016-cı il Azərbaycanda elan edilən “Multikulturalizm ili”nə mədəniyyətlərarası dialoq baxımından dəyərli töhfə oldu. Müxtəlif xalqların nümayəndələrinin tədbirdə iştirakı, göstərilən diqqət və qayğı, onların özlərini evlərindəki kimi hiss etmələri ölkəmizdə mədəni müxtəlifliyə verilən növbəti qiymət idi. Qonaqlar Azərbaycandan, onun paytaxtı Bakıdan zəngin təəssüratla ayrıldılar. Jurnalistlərə müsahibələrində onlar xalqımızın qonaqpərvərliyindən, Xəzər sahilində istirahətlərindən danışdılar, Azərbaycana gəlmələrindən çox şad olduqlarını bildirdilər.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar