AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) daimi ekspozisiyasında “XIX-XX əsrin əvvəllərində Azərbaycanın musiqi mədəniyyəti” bölməsi yenidən qurulub.
Muzeydən bildiriblər ki, bölmədə qurulmuş üç vitrində 28 eksponat, bir rəsm əsərinin surəti, çoxlu sayda tarixi fotoşəkillər, həmçinin 11 informasiya-məlumat paneli yerləşdirilib. Eksponatlar sırasında görkəmli xanəndə Cabbar Qaryağdıoğluya məxsus qaval, 1887-ci ildə İranın Rəşt şəhərində keçirilən muğam müsabiqəsində qalib gəlmiş görkəmli tarzənimiz Mirzə Fərəc Rzayevə hədiyyə verilmiş tar, musiqi xadimi Süleyman Mansurovun tarı və digər qiymətli nümunələr yer alıb. Ustad aşıq Hüseyn Bozalqanlının sazı, tar ifaçısı və musiqi xadimi Əhməd ağa Bakıxanovun tütəyi, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun balabanı, bəstəkar Zülfüqar Hacıbəyovun kamançası xüsusi maraq doğuran eksponatlardandır.
Burada, həmçinin nadir tərtibatı ilə seçilən və XIX əsrə aid kamança (üzərində “Şuşa, 1881” yazısı ilə), səntur simli alətləri, tütək, tütək-ney, zurna, yastıbalaban, ney nəfəs alətləri, qaval, nağara, qoşanağara, dümbək kimi zərb alətləri nümayiş olunur.
Nadir eksponatlardan biri də tanınmış tarzən Qurban Pirimova məxsus qrammofondur. Qrammofon Q.Pirimovun rəhbərlik etdiyi ansamblın ifasında Azərbaycan mahnılarının vala yazılması münasibətilə Varşavanın “Sport-Records” şirkəti tərəfindən hədiyyə olunub. XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid edilən və Azərbaycan mahnıları yazılmış qrammofon valları da xüsusilə diqqəti cəlb edir. Bu dövrə aid çoxlu sayda fotolarda həmin dövrün Azərbaycan ansamblları, musiqi alətləri, görkəmli musiqişünasları əks olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar