Almaniyada Azərbaycan İlinin başa çatması ilə əlaqədar mərasimlər Ştutqart şəhərindən start götürüb. Rəsmi bağlanış mərasimində iştirak etmək üçün Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 2-də Almaniyaya yola düşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, müstəqil Azərbaycan dünya birliyinin siyasi, iqtisadi, mədəni məkanlarına uğurla inteqrasiya etməkdədir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə dünyanın aparıcı dövlətlərindən olan Almaniya Federativ Respublikasında irimiqyaslı mədəni layihənin – Azərbaycan İlinin təşkili xüsusi əhəmiyyətə malikdir. Qədim tarixə malik xalqımızın zəngin mədəniyyətinin Almaniyada tanıdılması istiqamətində atılan uğurlu addımlardan olan Azərbaycan İli respublikamızın Mədəniyyət və Turizm Nazirliyi və Almaniyanın “Dr.Qabriela Mints Menecment” Cəmiyyəti tərəfindən respublikamızın həmin ölkədəki səfirliyinin yaxından iştirakı ilə həyata keçirilib. Bu ilin əvvəlində Berlin şəhərindən start götürən Azərbaycan ili çərçivəsində Ştutqart, Drezden, Leypsik, Maynts, Hamburq, Münxen şəhərlərində keçirilən müxtəlif tədbirlərdə respublikamızı görkəmli mədəniyyət xadimləri, incəsənət ustaları və tanınmış bədii kollektivlər təmsil ediblər. Berlin Brandenburq Elmlər Akademiyasında mətbuat nümayəndələri ilə görüş, “Arsenal” kinomərkəzində Azərbaycan filmlərindən ibarət festival, dünya azərbaycanşünas alimlərinin iştirakı ilə “Dirçələn Azərbaycan” mövzusunda simpozium, “Azərbaycan bu gün” adlı fotosərgi və digər tədbirlər maraqla qarşılanıb. Maynts və Ştutqart şəhərlərində Azərbaycanın muğam və caz ifaçılarının, habelə Dövlət rəqs ansamblının çıxışları yaddaqalan olub. Almaniyanın nüfuzlu “Der Taqesşpiqel” qəzetinin ölkəmizə həsr etdiyi xüsusi buraxılışı böyük tirajla yayılıb. Almaniyada Azərbaycan mədəniyyət ilinin yekunu ilə əlaqədar ölkəmizin elm, mədəniyyət xadimlərinin və incəsənət ustalarının müxtəlif şəhərlərdə geniş proqramlarla çıxışları, maraqlı sərgilər, təqdimat mərasimləri və təntənəli yekun konserti nəzərdə tutulub. Yekun mərasimində iştirak etmək üçün bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Rövşən Rzayev, deputatlar Nizami İsgəndərov və Əkrəm Abdullayev də Almaniyaya yola düşüblər.